REGİONLAR
Siyəzəndə onlayn rəsm müsabiqəsinin qalibləri təltif olunublar
Siyəzən, 25 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan onlayn rəsm müsabiqəsinin qalibləri təltif olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında keçirilən müsabiqəyə 30-dan çox əl işi təqdim olunub.
26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş müsabiqə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, bu sahədə aparılan maarifləndirmə işlərinin genişləndirilməsi, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.
Münsiflər heyətinin qərarına əsasən, yeniyetmələr arasında Rəfiqə Hüseynli I, İsmayıl Məmmədli II, Xoşbəxt Muradov və Nargilə Nəzərova III yerə layiq görülüblər.
Gənclər arasında isə Leyla Əmirova I, İlkay İsmayılova II, Aydan Mayılova və Rəqsanə Zeynalova III yeri tutublar.
Müsabiqənin qalibləri onlayn fəxri fərmanlarla təltif ediliblər.