REGİONLAR
Siyəzəndə torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda təmir işləri görülür VİDEO
Siyəzən, 12 mart, AZƏRTAC
Torpaq mülkiyyətçiləri və fermerləri vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri davam etdirilir. Bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Siyəzən rayonunda 247 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plan-qrafikə uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb.
Qeyd edək ki, Siyəzən rayonunda 12 min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Sahələr suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə son dövrlər rayonda 1685 ədəd hidrotexniki qurğu, 198 min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 metr uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121 kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.