REGİONLAR
Siyəzənin Qozağacı və Şabranın Sumağa qazmalar kəndləri ilk dəfə qazlaşdırılıb VİDEO
Quba, 10 oktyabr, Elxan Yusifli, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Siyəzən rayonunun Qozağacı və Şabran rayonunun Sumağa qazmalar kəndlərinə ilk dəfə “mavi yanacaq” verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 10-da Qozağacı kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər.
Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 558 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 65 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Şabrannın Sumağa qazmalar kəndində isə 35 abonent ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sisteminin tətbiqi hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına səbəb olur.
Çıxışlarda rayonun yaşayış məntəqələrinin, xüsusən də dağ kəndlərinin “mavi yanacaq”la təminatı vətəndaşlarla yanaşı, təbiətə, ətraf mühitə qayğı kimi qiymətləndirilib.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.