CƏMİYYƏT


“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir VİDEO

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan dövlət sektorundan müasir texnologiya və elektron xidmətlərin tətbiqi sahəsində dünyanın öncül ölkələri sırasındadır. Hazırda paytaxtda və bölgələrdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyətdədir və həmin mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. İndiyə qədər “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 30 milyonu ötüb, 1 milyon 850 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Bu ilin mayında “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində səmərəliliyi artırır. Bu ilin iyunundan “myGov” portalı vətəndaşların istifadəsində verilib. “Qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslıdır və vətəndaşlara proaktiv xidmətlər göstərilir. Hazırda 10-dan artıq ölkədə “ASAN xidmət” modelinin tətbiqi ilə əlaqədar işlər aparılır.

AZƏRTAC xəbər verir ki, iyulun 19-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “PAŞA Bank”ın təşkilatçılığı ilə müxtəlif dövlət qurumları və müəssisələrin rəhbər şəxsləri üçün “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramı çərçivəsində keçirilən təlimdə bu barədə ətraflı bəhs olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov təlimin dövlət xidmətlərinin rəqəmsallaşması, eləcə də innovasiyaların idarə edilməsi istiqamətində əhəmiyyətini diqqətə çatdırıblar.

Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin və İsveçrənin St.Gallen Universitetinin ekspertləri tərəfindən aparılan təlim iki gün davam edəcək. Təlimdə iştirak edən dövlət qurumlarının innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsallaşma ilə bağlı son proseslər və mütərəqqi texnologiyalar sahəsində, eləcə də rəqəmsal transformasiya və innovasiyaların idarə edilməsi istiqamətində məlumatlılıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.

Təlimin açılışından sonra ölkəmizdə dövlət xidmətlərinin rəqəmsallaşması, innovasiyalar və risk alma, innovasiya sistemləri və ölçülmələri, təşkilat daxilində sahibkarlıq mövzularında müzakirələr aparılıb.

Proqramın ikinci günü isə milli rəqəmsal strategiya, milli rəqəmsal transformasiya proqramları, dövlət və ictimai-özəl əməkdaşlığın rolu, rəqəmsal transformasiyadakı növbəti addımlar mövzusunda təlimlər və müzakirələrlə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.