MƏDƏNİYYƏT
Sloveniyada payızın ən gözəl tədbirləri
Bakı, 22 avqust, Emil Eyyubov, AZƏRTAC
Sloveniya təbii və mədəni sərvətləri ilə bütün dünyada şöhrət qazanıb. Bu ölkədə bir çox mədəni, görməli məkanlar - muzeylər, qalereyalar, memarlıq inciləri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş obyektlər var. Bunlara əlavə olaraq, Sloveniya zəngin və müxtəlif festivalları ilə insanı valeh edir. Hər böyük şəhərdə ildə azı bir festival keçirilir. Hər kəs bu tədbirlər arasında öz zövqünə və cibinə uyğun olanını tapacaq. Yerli mədəniyyətin bir hissəsi olan festivallar, həmçinin sloveniyalıların qonaqpərvərliyini və ənənələrə hörmətini əks etdirir. Sözsüz ki, bu tədbirlər qonaqlarda ən yaxşı əhvali-ruhiyyə və parlaq təəssürat yaradacaq.
AZƏRTAC müxtəlif ölkələrdə möhtəşəm tədbirlərin anonsları silsiləsini davam etdirir və Sloveniyada yaxın vaxtlarda keçiriləcək tədbirlərin təqvimini təqdim edir.
Lyublyana festivalı
Sloveniyada 1953-cü ilin yayından bəri hər il keçirilən Lyublyana festivalı regional festivallar arasında ən böyüyü və mühümüdür. Tədbirlər sentyabrın 3-dək davam edir. Hər il festivalda dünya şöhrətli orkestrlər və artistlər çıxış edirlər. Festival Lyublyananın düz mərkəzində yerləşən Konqreslər meydanında, habelə keçmiş Krijanke monastırında - Sloveniya arxitektoru Yoje Pleçnik tərəfindən bərpa edilmiş orta əsrlər memarlığının nadir incisində keçirilir.
Ironman 70.3
Sentyabrın 23-də İstriya yarımadasının Sloveniya hissəsində Ironman 70.3 - triatlon üzrə dünyada ən məşhur və mürəkkəb yarışlardan biri keçiriləcək. Tədbirlərin Koper, İzola, Piran və Ankaran şəhələrində keçirilməsi planlaşdırılır.
Bu tədbirlərin Sloveniyada təşkili təsadüfi deyil - bu ölkə Avropanın düz ürəyində, dörd təzadlı landşaftın, o cümlədən Alp dağları, Aralıq dənizi, Pannon düzənliyi və Karst yaylasının qovuşuğunda yerləşir. Burada idman yarışları üçün gözəl şərait yaradılıb. Məsələn, 10 min kilometrdən çox turizm marşrutları, velosiped gəzintisi üçün bir çox görməli yerlər, mağara trekinqi, raftinq, alpinizm və büllur kimi sularda padl-bordinq üçün hüdudsuz imkanlar var.
İstriyada hər idmançını və qonağı unikal təcrübə, o cümlədən qədim şəhərlərə, mənzərəli kəndlərə və təbiətin görməli yerlərinə turlar, habelə idman yarışlarından sonra Aralıq dənizi sahillərində dincəlmək imkanı gözləyir.
Maribor musiqi festivalı
1964-cü ildən bəri sentyabrın 20-dən 29-dək Mariborda musiqi festivalı keçirilir. Kamera musiqisinə və simfonik əsərlərə həsr edilən festivalın proqramı həm yerli, həm də xarici prodüserlərin və musiqiçilərin əməkdaşlığı ilə tərtib edilir. Bir çox dəyişikliklərə məruz qalmasına baxmayaraq, festival özünün iki əsas elementini - proqram seçimini müəyyənləşdirən mövzusunu və kamera ansamblları və orkestrlərinin konsepsiyasını qoruyub saxlamağa çalışır.
Mariborda qədim üzüm tənəyinə həsr edilən festival
Sentyabrın 29-dan noyabrın 12-dək Sloveniyada Mariborun qədim hissəsində ölkənin qastronomik festivalı təşkil edilir. Bu il 18-ci festival keçiriləcək. Festival dünyada ən qədim üzüm tənəyinə həsr olunur. Festival çərçivəsində keçirilən tədbirlər sırasına Böyük Pəhriz üçün şəhərin ən qədim hissəsində qədim üzüm tənəyindən ənənəvi məhsul yığımı, qastronomik axşamlar, piyada və velosiped gəzintiləri və s. daxildir.
"Jestival" qastronomik festivalı
Kobarid şəhərində oktyabrın 6-sı üçün nəzərdə tutulan "Jestival" yemək və incəsənət festivalında ən yaxşı baş aşpazlar, habelə Sloveniya incəsənətinin nümayəndələri iştirak edəcəklər. Sloveniya qastronomiyası yerli təamların geniş çeşidini və tədbirin əsas yeməyi sayılan "Kobariški štrukelj" ənənəvi desertlərini təqdim edir. Saat 12:00-dan 21:00-dək ziyarətçilərə yerli restoran, kafe və fermer təsərrüfatlarından məhsul və yeməklərin zəngin seçimi təqdim ediləcək. Bəyənilən məhsulu əsas meydanda saat 11:00-dan 20:00-dək əldə etmək olar. Saat 20:00-da bayram konserti başlanır.
İstriyada velosiped marafonu
Oktyabrın 6-7-də İzola şəhərində İstriyanın ən böyük velosiped marafonu keçiriləcək. İstriyanın mülayim Aralıq dənizi iqlimi payızın lap sonunadək velosiped sürmək üçün əla şərait yaradır. İştirakçılar hazırlıq səviyyəsindən asılı olaraq çətinlik dərəcəsi üzrə üç müxtəlif marşrut seçə bilərlər. Tədbirin proqramına uşaqlar üçün mini-marafon (pulsuz), ailəvi velosiped gəzintiləri, velosiped idmanı festivalı, çoxsaylı mükafatlar, animasiya proqramı daxildir.