DÜNYA
Sol mərkəzin namizədi Roberto Gualtieri Romanın bələdiyyə sədri seçilib
Roma, 18 oktyabr, AZƏRTAC
İtaliyada yerli idarəetmələri müəyyən etmək üçün keçirilən seçkilərin ikinci turunda paytaxt Romanın bələdiyyə sədri sol mərkəzin namizədi Roberto Gualtieri olub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-18-də yerli seçkilərin ikinci turu ilk turda səsləri 50 faizdən az olan namizədlər arasında keçirilib. Rəhbəri müəyyən olunmayan paytaxt Roma, Turin və Trieste kimi böyük şəhərlər də daxil olmaqla 65 yerli idarəetmədə təşkil edilən və təqribən 5 milyon seçicini maraqlandıran seçkilərdə fəallığın az olduğu bildirilib.
Əsas diqqətin paytaxt Romada olduğu ikinci tur üzrə seçkilərdə sağ mərkəz ittifaqının namizədi Enriko Miçetti və sol mərkəzin namizədi Roberto Gualtieri bələdiyyə sədri olmaq üçün yenidən yarışıb. R.Gualtierinin səslərin təxminən 60 faizini yığdığı bildirilir. Turində də sol mərkəzin namizədi Stefano Lo Russo səslərin 50 faizdən çoxunu toplayıb. Triestedə isə sağ mərkəzin namizədi Roberto Dipiazza liderlik edir.
Xatırladaq ki, İtaliyada 1192 yaşayış məntəqəsində yerli idarəetmələri müəyyən etmək üçün oktyabrın 4-5-də keçirilən qismən yerli seçkilərdə seçici fəallığı 54.69 faiz olub. Milan, Bolonya və Neapolda sol mərkəzin namizədləri ilk turda səslərin 50 faizdən çoxunu toplayaraq qalib gəliblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma