MƏDƏNİYYƏT
“Şollerin arxivi” filminin növbəti uğuru
Bakı, 4 dekabr, AZƏRTAC
“Şollerin arxivi” filmi Fransanın Kann şəhərində keçirilən “Mediterranean Film Festival Cannes 2018” festivalında fəxri ada layiq görülüb.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
O deyib: “Qalib olduğumuz beynəlxalq festivalların arasında mənim üçün ən dəyərlisi “Mediterranean Film Festival Cannes” olub. Ona görə ki, bu festivalda Qarabağ mövzusunda ermənilərin çəkdiyi “Axırıncı sakin” filmi qaliblər sırasında yer almadı. Kanadanın Toronto şəhərində də eyni halla qarşılaşmışdıq və sonda yenə biz qalib olduq, onlar isə sertifikatla kifayətləndilər”.
C.Qasımov bildirib ki, film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Şirzad Pirallahı, aktyorlar Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.