QAN YADDAŞI


Soloturnda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinə dair kvest keçirilib

Bern, 27 fevral, AZƏRTAC

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı Soloturn şəhərində “Xocalı-92” adlı tətbiqi-pedaqoji kvest/simulyasiya oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Soloturnda fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası” diaspor təşkilatının nəzdində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı keçirilən kvest/simulyasiya oyununu Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov tərəfindən şagirdlərin iştirakı ilə təşkil olunub.

Kvest Q.Nəsirov tərəfindən BMT-nin təcrübəsinə müvafiq olaraq hazırlanıb və Xocalını tərk etməyə məcbur olan insanların məruz qaldıqları dəhşətləri canlandırmağa çalışan oyun formasında təşkil olunub. Oyun zamanı iştirakçılar Xocalıdan olan həqiqi insanların ad və soyadlarını götürərək, iki saat ərzində bu şəxslərin rolunu oynayıblar.

Layihənin ikinci hissəsində şagirdlər bir otağa yığışaraq oyun zamanı yaşadıqları barədə fikirlərini paylaşıblar. Layihənin sonunda şagirdlər Xocalıda qəddarcasına qətlə yetirilmiş 613 günahsız Xocalı sakininin ruhunu yad etmək üçün kağızdan göyərçinlər düzəldərək, bu kağızların üzərinə öz fikirlərini yazıblar. Bu yazılar arasında “Bir daha müharibə olmasın”, “Bu dəhşət təkrar olunmasın”, “Bunu törədənlər insaniyyətdən uzaqdırlar”, “Bunu unutmaq olmaz” kimi fikirlər yer alıb.

Oyundan sonra şagirdlərin öz təəssüratları barədə səsləndirdiyi fikirlər bu layihənin onlara çox güclü təsir etdiyini və Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması sahəsində uğurlu bir layihə olduğunu təsdiq edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.