İQTİSADİYYAT
Son 18 il ərzində avtomobil yollarının yenilənməsi istiqamətində görülən işlər açıqlanıb
Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, 2003-2021-ci illər ərzində Bakı şəhərində 83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib, 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir olunub. Həmçinin 2010,5 kilometr uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Sözügedən müddət ərzində kəndlərarası avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Belə ki, 2003-2021-ci illər ərzində 6,2 milyon əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5,1 min kilometr uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub.
Ümumilikdə isə respublika ərazisində 19,2 min kilometr uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir olunub, 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli inşa edilib.
I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 kilometr təşkil edirdisə, artıq bu gün 935,5 kilometr olub.