REGİONLAR
Son 5 ildə Ağdamda 122 yeni subartezian quyusu qazılıb
Ağdam, 5 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda son 5 ildə 122 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Dövlət başçısının “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən, rayonun 15 yaşayış məntəqəsində 30 subartezian quyusunun qazılmasına başlanılıb. Həmçinin pambıqçılığın inkişafı üçün bu il əlavə olaraq 4 subartezian quyusunun qazılması da nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə məlumat verilib.
Ağdam rayon mexaniki suvarma idarəsinin kollektivi Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Dövlət Dram Teatrında keçirilən tədbirdə mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə və rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib, bu sahənin inkişafı, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, Azərbaycanda meliorasiya və irriqasiyanın inkişafına ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, çoxlu hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Məlumat verilib ki, Ağdam mexaniki suvarma idarəsi rayonda 35 min 400 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Rayon ərazisində əkin sahələrinin suvarılması 836 subartezian quyusu, 4 nasos stansiyası, 192 hidrotexniki qurğu, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalları vasitəsilə həyata keçirilir.
Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim edilib.