REGİONLAR
Son 5 ildə Sumqayıta investisiya qoyuluşu 3,5 dəfə artıb, 32 min 819 yeni iş yeri yaradılıb
Sumqayıt, 5 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Fevralın 5-də Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında şəhərin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib.
2018-ci ildə ümumi məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İrimiqyaslı investisiya layihələrinin icra edilməsi, bir neçə iri sənaye müəssisəsinin fəaliyyətə başlaması bu göstəricilərin cari ildə daha da artacağını deməyə əsas verir. Ötən ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polimer MMC-nin Polipropilen istehsalı zavodunun açılışında birgə iştirakı şəhərin tarixinə önəmli hadisələrdən biri kimi yazılıb. Kanada və Avstriya texnologiyası əsasında ildə 180 min ton məhsul istehsalı edəcək zavodda 450 nəfər işlə təmin edilib.
Zakir Fərəcov bildirib ki, ötən il Sumqayıt Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faiz xarici investisiya hesabına tikilmiş, ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək inşaat kimyəviləri zavodu, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal edəcək, investisiya dəyəri 51 milyon dollar olan əlvan metallar və ferroərintilər zavodu və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək “Tabaterra” tütün məmulatları fabriki istifadəyə verilib. Bu müəssisələrdə 500 yeni iş yeri yaradılıb. O, bütün bunları Azərbaycan Prezidentinin ölkəmizdə müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasətinin uğuru kimi dəyərləndirib.
Məruzədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumi məhsul istehsalının 2,6, sənaye məhsulu istehsalının 2,9, investisiya qoyuluşunun 3,5 dəfə artdığı, 32 min 819 yeni iş yerinin yaradıldığı, 2955 yeni istehsal sahəsinin fəaliyyətə başladığı diqqətə çatdırılıb.
Hesabatda yol infrastrukturunun yaxşılaşdırılması, dəmir yolu nəqliyyatının normal hərəkətinin təmin edilməsi və sərnişinlər üçün lazımi şəraitin yaradılması məqsədilə Sumqayıt şəhərində Dəmir yolu vağzalının binasının yenidən inşa edildiyi, şəhər Prokurorluğunun yeni inzibati binasının istifadəyə verildiyi, “Nizami” kinoteatrının sökülərək yenidən layihələndirilməsinə və Corat qəsəbəsində 120 yerlik uşaq bağçasının tikintisinə başlandığı qeyd edilib. Bununla yanaşı vurğulanıb ki, məhkəmə kompleksində tikinti işləri və Metallurq küçəsində yenidənqurma işləri davam edir, həmin küçədə “Acı dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 poqonmetr yeni su ötürücü kanalizasiya xətti çəkilib. Ötən dövrdə 100 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəzlənib, 68 yaşayış binasında işlər davam etdirilir. Ümumilikdə son illərdə 600-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.
Məruzədə əhalinin su, təbii qaz, elektrik enerjisi ilə təminatı və digər sahələr üzrə görülən işlər də təhlil edilib.
Sonra geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2018-ci ildə görülən işlər haqqında məlumat verilib, nailiyyətlərlə yanaşı, problemlər də araşdırılıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.