CƏMİYYƏT
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir
Bakı, 15 iyul, AZƏRTAC
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək cəhdidir. Erməni separatçılarının ordumuzun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutması, yeni təxribatlara cəhd etməsi Ermənistanın məkrli niyyətlərindən xəbər verir və regionun təhlükəsizliyi baxımından ciddi təhdid yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Təşkilatın sədr müavini diqqətə çatdırıb ki, Ermənistanın təxribatları bu ölkəni uçuruma sürükləyir. Ötən il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalayaraq faktiki olaraq kapitulyasiyaya imza atan Ermənistanın hazırda ordumuzun mövqelərini atəşə tutması, yenidən təxribatlara əl atması məntiqlə anlaşılan deyil. Qırx dörd günlük Vətən müharibəsi Ermənistanın hərbi potensialı ilə yanaşı, onun zəif iqtisadiyyatını da sıradan çıxartdı. Bu gün Ermənistan nə hərbi, nə iqtisadi, nə də digər baxımdan hər hansı qarşıdurmaya hazır deyil. Amma buna baxmayaraq, təxribatlarından da əl çəkmək, öz məğlubiyyəti ilə barışmaq istəmir. Hansı ki, Ermənistanın bu təxribatları bütün regionda sülhə və sabitliyə mənfi təsir göstərir, bölgədə vəziyyəti gərginləşdirir.
“Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan bu təxribatlara sonsuzadək səssiz qala bilməz. “Dəmir yumruq” əməliyyatı göstərdi ki, ordumuz sözün həqiqi mənasında qarşısıalınmazdır və istənilən missiyanı uğurla yerinə yetirməyə qadirdir. Bu isə o deməkdir ki, yeni bir qarşıdurma Ermənistanın dövlət kimi mövcudluğuna son qoya bilər. Ola bilsin ki, Ermənistan indiki məqamda Azərbaycanı yeni hərbi əməliyyatlara sövq etməklə özünü dünya ictimaiyyətinə qurban kimi təqdim etməyi planlaşdırır. Ermənistan belə təxribatlarla Azərbaycanın səbrini tükətməyə, onu yenidən antiterror əməliyyatlarına başlamaq məcburiyyəti ilə üz-üzə qoymağa çalışır. Çalışır ki, Azərbaycan separatizmə qarşı yeni bir mübarizəsə start versin və yenə özünü bütün dünyaya qurban kimi təqdim edərək bildirsin ki, “məzlum xalq” Azərbaycanın hücumuna məruz qalıb. Hesab edirəm ki, Avropa İttifaqı Komissiyasının prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır və məqsəd Azərbaycanın imicinə kölgə salmaq, onun zorakı, militarist obrazını yaratmaqdan ibarətdir”, - deyə C.Xəlilov vurğulayıb.
Ehtiyatda olan polkovnik qeyd edib ki, rəsmi İrəvan mövcud reallığı dərk etməli, öz xalqının taleyi ilə oynamamalıdır. Azərbaycan Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməkdə, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməkdə nə qədər qərarlı olduğunu bütün dünyaya göstərdi.
“Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə bir daha bu torpaqların əsl sahibi olduğunu dünyaya göstərməkdədir. Belə olan halda rəsmi İrəvanın yenə də təxribatlara əl atması, onun hər şeydən əvvəl xalqının taleyi ilə oynadığını göstərir. Ancaq Ermənistan hakimiyyəti bilməlidir ki, əgər Azərbaycan yeni bir antiterror əməliyyatına başlayarsa, bunun nəticəsinə qatlanmaq onun üçün ikiqat çətin olacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan tükənən Ermənistanın bir dövlət kimi sonu demək olacaq”, - deyə Cəlil Xəlilov əlavə edib.