REGİONLAR
Son illər Ağstafada təhsil infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər görülüb
Ağstafa, 12 sentyabr, Famil Quliyev, AZƏRTAC
Ağstafada təhsil işçilərinin 2016/2017-ci tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon təhsil şöbəsinin müdiri Kamran Abbasovun hesabat məruzəsi dinlənilib. Məruzədə Azərbaycanın təhsil sisteminin inkişafı, aparılan islahatlar, həyata keçirilən layihələr haqqında məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb. Ulu Öndərin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, 2016/2017-ci dərs ilində Ağstafa Təhsil Şöbəsinin nəzdində 33 tam orta, 2 ümumi orta, 3 ibtidai ümumtəhsil məktəbi, 1 texniki və humanitar təmayüllü lisey, 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Ümumtəhsil məktəblərinin ibtidai təhsil pilləsində 4484, orta təhsil pilləsində 4772, tam orta təhsil pilləsində 1483, rayon üzrə isə ümumilikdə 10739 şagird təhsil alıb. Onların təlim tərbiyəsi ilə 1468 müəllim məşğul olub.
Diqqətə çatdırılıb ki, təhsil infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində son illər Ağstafa rayonunda ciddi işlər görülüb. Belə ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda 15 yeni məktəb binası, o cümlədən son illərdə 7 bina inşa edilib, bütün məktəblərdə cari və əsaslı təmir işləri aparılıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Köhnəqışlaq kəndində tam orta məktəb üçün ötən il 108 şagird yerlik yeni məktəb binası tikilib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən 1320 şagird yerlik Ağstafa şəhər 3 nömrəli tam orta məktəbinin binasında aparılan əsaslı təmir işləri başa çatıb. Bununla yanaşı, Təhsil Nazirliyinin xətti ilə bu il Kolayır kənd ibtidai məktəbi üçün 20 şagird yerlik modul tipli bina tikilib.
Ağstafa rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması ilə əlaqədar zəruri tədbirlər də həyata keçirilib. Rayon üzrə diaqnostik qiymətləndirmədə iştirak edən 1401 müəllimin hamısı keçid balını toplayıb.
Məlumat verilib ki, 2017-ci il məzunlarından 334 nəfər ali məktəblərə sənəd verib. Onlardan 225 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunan məzunların 16 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən çox bal toplayıb. Qəbul imtahanlarında rayon üzrə ən yüksək - 695 bal toplayan şəhər 2 nömrəli tam orta məktəbin məzunu Aytac Alməmmədova Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub.
Konfransda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Təhsil Nazirliyinin nümayəndəsi Rəfiq Qəndilov və başqaları təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Çıxışlarda respublikada, o cümlədən Ağstafada təhsilin inkişafı ilə bağlı görülən işlərdən söz açılıb.
Sonra konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Tədbirin sonunda qabaqcıl təhsil işçilərinin bir qrupu, ali məktəblərə yüksək balla qəbul olunan məzunlar rayon icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.