REGİONLAR
Son illər Balakəndə 4,7 min hektardan çox sahədə yeni fındıq bağları salınıb
Balakən, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Balakən rayonunda fındıq bağlarından 6 min 226 ton məhsul tədarük olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri - fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər rayon ərazisində 4 min 765 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 10 min 542 hektara çatdırılıb. Bu bağların 5 min 571 hektarı barverəndir. Ötən il rayon əhalisi fındıqçılıqdan 18 milyon manatdan çox gəlir əldə edib.
Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 3,5-4 manat arasındadır.