SİYASƏT


Son təxribatlar bir daha təsdiqlədi ki, Ermənistan rəhbərliyi faşizm ideologiyasına hüsn-rəğbətini gizlətmir

Bakı, 24 sentyabr, AZƏRTAC

Tovuz hadisələrinin üç ayı tamam olar-olmaz Ermənistan silahlı qüvvələri yenidən həmin ərazidə təxribat törətmək niyyətinə düşdü. Bu, artıq işğalçı ölkənin baş naziri Nikol Paşinyanın müharibə niyyətində olduğunun açıq təzahürüdür. Son hadisələr bir daha təsdiqlədi ki, Ermənistan və onun rəhbəri faşizm ideologiyasına hüsn-rəğbətini gizlətmir, sanki dinc əhalinin qətlə yetirilməsindən zövq alır. Budəfəki təxribat zamanı da bir hərbçimizi itirdik. Beynəlxalq təşkilatların Ermənistanın elan olunmamış müharibəyə başlamasına laqeyd yanaşması işğalçı ölkəni tamamilə quduzlaşdırıb. Faşizm ideologiyasının tərəfdarlarına havadarlıq edənlərin özləri də bu ideologiyaya hüsn–rəğbət bəsləyirlər.

Bu fikirləri AZƏRTAC-a YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Mehman İsmayılov deyib.

M.İsmayılov bildirib ki, bu il iyulun 12-də Ermənistan silahlı qüvvələri bölmələrinin təxribata əl ataraq Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçərkən vurduğu zərər aradan qaldırılmamış yenidən həmin istiqamətdə silahlı əməliyyata başlaması təsadüfi deyil. Onları müharibəyə təhrik edənlər var. Son hadisələr Nikol Paşinyanın danışıqlarda və sülhdə maraqlı olmadığını bir daha göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda bildirdi ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilib. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Ermənistan ordusunun hərbi təxribatı ilk hadisə deyil. Son bir neçə ay ərzində belə hərbi təxribatlar nəticəsində cəbhə bölgələrində Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olublar. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri quduzlaşmış ermənilərin elan olunmamış müharibəsinə, hərbçiləri və mülki əhalini qətlə yetirmələrinə, yaşayış məntəqələrinə ciddi zərər vurmalarına nə vaxta qədər susacaqlar? Dünya birliyində mövcud olan ikili standartlar, faşizm ideologiyası üzərində köklənmiş Ermənistan dövlətinə havadarlıq regionda münaqişənin daha da alovlanmasına rəvac verir.

Sentyabrın 21-də beynəlxalq səviyyədə tanınmış Ermənistan–Azərbaycan sərhədinin respublikamıza məxsus Tovuz rayonu istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin növbəti təxribata əl ataraq sərhədboyu kəndləri iriçaplı atıcı silahlardan atəşə tutması, həm də bəzi beynəlxalq təşkilatların siyasi riyakarlığının göstəricisidir. Beynəlxalq təşkilatların münaqişənin həllinə dair bəyanatlarının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, hərbi təcavüzün davam etdirilməsi olduğunu göstərir. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan ordusunun sərhədboyu ərazilərdə törətdiyi bu qanlı cinayətdə işğalçı ölkə ilə bərabər məsuliyyət daşıyırlar. Söz yox ki, düşmən tərəfi bu dəfə də layiqli cavabını alacaq. Ancaq beynəlxalq qurumlar da siyasi riyakarlığa son qoymalıdırlar.

Onu da qeyd edim ki, Ermənistanın müharibə sevdası ona baha başa gələcək. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında çox zəif və cılızdır. Onlar ordumuzun gücünə yaxşı bələddirlər. Dövlətimizin başçısı yerli telekanallara müsahibəsində də ermənilərə xəbərdarlıq edərək bildirdi ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.