REGİONLAR
Son üç ildə Qazaxda 16 uşaq bağçası müasir səviyyədə yenidən qurulub




Qazax, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 fevral tarixli Sərəncamı Qazax rayonunda da uğurla icra olunur.
Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son üç ildə yeni uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində rayonda olan 25 bağçadan 16-sı müasir səviyyəyə çatdırılıb.
Tələbata cavab verməyən digər bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi işləri davam etdirilir.
Hazırda Qazax şəhərində yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulur.
Görülən işlər barədə məlumat verən iş icraçısı Lətif Həsənov bildirib ki, binanın daxilində və həyətində tikinti işləri paralel şəkildə aparılır. Bağçanın həyətinə daş döşənib, kənarına hasar çəkilir. Hazırda binanın daxilində suvaq işi görülür. Binanın xarici fasadında rəngləmə işlərinə başlanılıb. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir.