ELM VƏ TƏHSİL


Sonuncu diskussiya: ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub

Bakı, 6 dekabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (www.1905.az) birgə layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə sonuncu diskussiya keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, ötən diskussiyalarda “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər”, “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması”, “Azərbaycanın İslam həmrəyliyindəki rolu”, “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, “Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi”, “İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu” mövzusunda “dəyirmi masa”lar təşkil edilib.

Sonuncu diskussiyada Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, bu ali məktəbin müəllimi, dosent Anar Qafarov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibov iştirak ediblər.

Tədbirdə çıxış edən C.Məmmədov dövlətin gənc nəslin sağlam ruhda böyüməsinə xüsusi önəm verdiyini bildirib, ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu vurğulayıb.

Rektor bildirib ki, cəmiyyət qarşısında İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanlara düzgün məlumat vermək, sağlam dini maarifləndirmə aparmaq kimi vəzifələr durur. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Aİİ-nin təsis edilməsi dövlət müstəqilliyimizin bərpasından sonra din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir. Ali təhsil müəssisəsi ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüb.

İnstitutun gələcək fəaliyyətindən danışan C.Məmmədov dünyanın aparıcı universitetləri ilə beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə önəm verildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, gələcəkdə rus və ingilis dillərində bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması, eyni zamanda, xarici dilləri yüksək səviyyədə bilən mütəxəssislərin hazırlanması nəzərdə tutulub. Rektor, həmçinin qeyd edib ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri də dərsliklərin, dini ədəbiyyatların, əlyazmaların nəşri, ölkəmiz haqqında ərəb dilində kitabların Azərbaycan dilinə tərcüməsidir.

A.Qafarov isə bildirib ki, maarifləndirmə işinin təşkili üçün ailə institutunun sağlam əsaslar üzərində qurulmasına, dini dəyərlərin insanlara düzgün çatdırılmasına böyük ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.