REGİONLAR
Şose velosipedi üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 30 mart, AZƏRTAC
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən şose velosipedi üzrə muxtar respublika birinciliyi Uzunoba gölünün ətrafında - 2000 metrlik məsafədə təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rayon (şəhər) mərhələ yarışlarında ilk üçlüyə düşən 24 idmançı qələbə uğrunda mübarizə aparıb. Qiymətləndirmə finişə qədər sərf olunan vaxt əsasında aparılıb.
Şərur velosipedçilərindən Röyal Həsənov təyin olunan məsafəni hər kəsdən tez qət edərək finişə birinci, Culfa təmsilçisi Elvin Mikayılzadə isə ikinci çatıb. İlk üçlüyü tamamlayan idmançı Kəngərli rayonundan Davud Məmmədli olub.
Gənclər və İdman, Təhsil nazirlikləri ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda ilk üçlükdə yer alan idmançılarla yanaşı, həvəsləndirici yerlərin sahibləri də mükafatlandırılıblar.