ELM VƏ TƏHSİL
Sosial-İqtisadi Kollecin şəhid tələbəsinin doğum günü qeyd olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə bu təhsil müəssisəsinin tələbəsi olmuş Vətən müharibəsi şəhidi Əkbər Hüseynlinin doğum günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək Vətən müharibəsində iştirak edən hər bir gəncin döyüşlərə hünərlə qatıldığını bildirib. O, şəhidlərimizin hər birinin qəhrəmanlıq dastanına çevrildiyini deyib, Vətən müharibəsində qazanılan tarixi Qələbədə lider-xalq-ordu birliyinin önəmini vurğulayıb.
Tədbirdə kollecin tələbələri 20 yaşı qeyd olunan şəhid Əkbər Hüseynliyə həsr etdikləri şeirləri söyləyiblər.
Qeyd edək ki, Əkbər Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. Uşaqlıq illərini doğma kəndində keçirən Əkbər vətənpərvər ruhda böyüyüb. 2019-cu ildə Sosial-İqtisadi Kollecdə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Murovdağ istiqamətində xidmət keçib.
Vətən müharibəsinin ilk günlərində Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında rəşadətlə döyüşən Əkbər oktyabrın 4-ü ağır yaralanıb. Yaralandığını ailəsindən gizlədən qəhrəman tam sağalmamış yenidən döyüşlərə qatılıb. Oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhid olub. O, bir müddət itkin kimi bilinsə də, sonradan şəhid olduğu məlum olub.
Əkbər Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.