CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyi ilə İspaniyada ölkəni təmsil edəcək Boccia üzrə milli komanda arasında görüş olub
Bakı, 9 oktyabr, AZƏRTAC
Ölkəmizi İspaniyada təmsil etməyə hazırlaşan Boccia üzrə milli komandamızla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov İspaniyada keçiriləcək yarışa hazırlaşan Boccia üzrə milli komandamızın üzvləri ilə görüşüb.
Sədr Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində təlim-məşq prosesi keçən idmançıların yarışa hazırlıq proseslərini yaxından izləyib.
V.Behbudov bildirib ki, Boccia İdman Federasiyasının göndərişi əsasında agentliyin bu mərkəzində Boccia üzrə milli komandamızın tərkibində çıxış edən idmançılarımızın məşq etmələri üçün hər cür şərait yaradılıb: “İdman zalı yarışın tələblərinə uyğun qurulub. İdmançılarımız bu mərkəzdə həm məşq edirlər, həm də qalmaq üçün yerlər və qida ilə təmin edilirlər. Bununla yanaşı, agentliyin mütəxəssisləri tərəfindən onlara sosial psixoloji, hüquqi və digər xidmətlər də göstərilir”.
Yaradılan şəraitə görə minnətdarlığını bildirən komandanın baş məşqçisi İlham Məhərrəmov qeyd edib ki, 2018-ci ildən fəaliyyət göstərən Boccia İdman Federasiyası yaranandan bu günədək idmançılarımız 2 dəfə İtaliyada, 2 dəfə İspaniyada və dəfə 1 dəfə Xorvatiyada yarışda iştirak ediblər: “Ölkədə ümumilikdə 6 dəfə Azərbaycan çempionatı keçirilib və son çempionatda Boccia İdman Federasiyasının 60-a yaxın idmançısı iştirak edib”.
Məlumata əsasən, Boccia təmsilçilərimiz ölkə xaricində də uğurlar əldə edib. Komandanın ümumi hesabında 1 qızıl, 6 bürünc medal var. Komandanın hazırkı tərkibi 18-30 yaş aralığında olan idmançılardan ibarətdir.