CƏMİYYƏT


Sosial sahədə UNICEF-lə əməkdaşlıq genişləndiriləcək

Bakı, 5 mart, AZƏRTAC

Ölkəmizdə müvafiq kateqoriyalardan olan uşaqların reabilitasiyayönümlü sosial xidmətlərlə təminatı sahəsi üzrə BMT-nin Uşaq Fondu (UNICEF) ilə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Birgə işlərin əhatə dairəsinin yeni islahat istiqamətləri, fəaliyyət sahələri, habelə övladlığagötürmə ilə bağlı təlimlər prosesi üzrə genişləndirilməsi məqsədəuyğun olar.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə keçirilən görüşdə bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, ölkədə sosial xidmətlər sisteminin də təkmilləşdirildiyini bildirib və bu istiqamətdə mühüm islahat tədbirlərinin reallaşdırılmasında, Sosial Xidmətlər Strategiyası layihəsinin hazırlanmasında UNICEF-lə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsindəki yeni “sosial iş modeli”nə uyğun qurulması məqsədilə institusional əsasların yaradılmasında birgə işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Nazir deyib ki, hazırda ölkəmizdə övladlığagötürmə ilə bağlı idarəçiliyin təkmil və müasir modeli qurulur. Övladlığagötürmə ilə bağlı cəlb olunacaq işçilər və uşağı övladlığa götürmək arzusunda olan şəxslər üçün təlim materialların hazırlanması və təlimlərin keçirilməsində nazirlik UNICEF-lə əməkdaşlığa mühüm əhəmiyyət verir.

E.Karvardin nazirliklə əməkdaşlığı yeni fəaliyyət sahələri üzrə genişləndirmək əzmində olduqlarını və Sosial Xidmətlər Strategiyası layihəsinin sosial xidmət sisteminin inkişafı üçün vacib prioritetləri əhatə etdiyini bildirib.

Görüşdə qeyd olunan Strategiyanın yekunlaşdırılması və təsdiqi, inteqrasiya olunmuş sosial xidmətlər modelinin təşviqi, əlilliyi olan şəxslər üçün “sosial model” və “hüquqlara əsaslanan yanaşma” konteksində islahatların dəstəklənməsi, pilot layihə çərçivəsində yaradılacaq “elektron keys menecment” platformasının DOST (Dayanıqlı və Operativ Sosial Təminat) sisteminə ötürülməsi və s. məsələlər müzakirə olunub. Övladlığagötürmə sahəsi ilə bağlı təlimlər prosesində birgə işin təşkili imkanları da nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.