Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri

Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri

Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsi və qorunmasında, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi, həqiqət carçısı olmalıdır.

Ümummilli lider Heydər ƏLİYEV

Zəmanəmizin ən ümumi səciyyəsi belədir: dünya qloballaşır və sosiallaşır. Yəni, insanların həyatına ümumi proseslər hakim kəsilir, çoxluğun maraq və tələbatı önə çıxır. Elmi-texniki yeniliklər də, əsasən, bir-biri ilə sıx bağlı olan bu iki inkişaf meylinin xidmətindədir. Ümumi texniki tərəqqi qloballaşmanın axarında ölkələrin və dövlətlərin sərhədlərini maneəsiz aşıb keçir. Baş verən yeniliklərin virtual böyük auditoriyalar yaratması isə dünyanın informasiya ilə idarə olunması effektini gücləndirir.

Fantastik imkanlardır. Qədərincə və xoş məramla yararlandıqda sonsuz hüdudlar açır, əks yöndə hədsiz bəlalar gətirir. Eynilə nüvə enerjisindən istifadə zamanı olduğu kimi: elektrikə çevriləndə ən ucuz güc mənbəyi olur, bombaya yüklənəndə dağıdıcı gücə çevrilərək bütün planetin və bəşəriyyətin həyatını təhlükə altına alır, məhvə məhkum edir. Qloballaşma da belədir: əndazəni aşanda xalqların maraqlarını tapdalayır. Sosiallaşma da bəzən təhlükə daşıyıcısına çevrilir: yanlış istiqamətə yönləndirilmiş kütlə dağıdıcı qüvvəyə çevrilir. Bu baxımdan texniki tərəqqinin insanlara bəxş etmiş olduğu qlobal və sosial informasiya şəbəkəsi həqiqətə yönləndiriləndə misilsiz həmrəylik, harmoniya yaradır. Yalanın, bəd niyyətin sosial informasiya şəbəkəsində yayılması isə çaşqınlıq, qıcıq, aqressiya törədir, ictimai rəyi yanlış istiqamətə yönəltməklə milli və dövlətçilik maraqlarına zərbə vurur. Tarixi tərəqqinin yönü inteqrasiyaya, mübadiləyə, qarşılıqlı faydalanmaya istiqamətlənməlidir. Bu baxımdan ənənəvi informasiya vasitələri tarixən, obyektiv məlumatın daha operativ və geniş dairəyə ötürülməsinə xidmət göstərib. Tarixin daha dərinliklərindən gələn məlumatın fərdi, yaxud qrup halında paylaşdırılması üsulları – söhbətləşmə, məktublaşma, müxtəlif formatlı toplantılar, hətta bu gün belə sosial-mənəvi ehtiyac duyulduğundan davam etməkdədir. İnformasiya texnologiyalarının virtual vasitələrlə müasirləşməsi kütləvi informasiya vasitələrinin yayım imkanlarını fantastik dərəcədə artırdığı kimi, sosial paylaşmanın da hüdudlarını zaman və məkan baxımından əritmiş, bu nəhəng, möcüzəli məkana girişi əksəriyyət üçün əlçatan etmişdir. Artıq ürəyindəki hansısa fikri bölüşmək üçün qonşunun qapısını döyməyə, kimdənsə günlərlə məktub gözləməyə də ehtiyac yoxdur. Həmfikirlərin harasa təcili yığışması da vacib deyil. Hansısa məlumat, rəy, mülahizə qısa müddətdə və çevrəsi genişlənməklə maneəsiz yayılır. “İnternet” deyilən beynəlxalq elektron rabitə vasitəsi həm ənənəvi KİV yayımlarını, həm də “sosial media” adına iddialı ümumdünya sosial şəbəkələrini informasiya məkanında “qonşuluq”, “ortaqlıq” mövqeyinə çıxarıb. Bir çox halda ənənəvi informasiya vasitələri ilə sosial şəbəkə yayımlarının sədləri itir, bir-birinə qarışır. Bu durum neçə çözülməlidir? Sosial şəbəkə, doğrudanmı, yeni tipli mediadır? Bu şəbəkəni yönləndirən blogerləri, onun istifadəçilərini jurnalist saymaq olarmı? Məlum meyarlar hələlik itmiş sədləri ayırd etməyə imkan verir. Əvvəla, ənənəvi KİV peşəkar informasiya qurumudur, onun hədəfi kütləvi auditoriyanı xoş məramla, sistemli məlumatlandırmaq, maarifləndirmək, həmçinin reklam xidməti göstərməklə, cəmiyyət miqyasında obyektiv ictimai rəy formalaşdırmaqdır. Jurnalist bu ictimai fəaliyyətin peşəkar təşkilatçısı və daimi icraçısıdır. Sosial şəbəkənin fəaliyyəti isə stixiya, təsadüfi mövzular, fərdi və qrup maraqları üzərində formalaşır. Onun məqsədi həqiqi ictimai rəy formalaşdırmaq deyil, informasiya ötürücülüyü də qeyri-peşəkar və sistemsizdir. Bütün bunlar öz yerində. Narahatlıq doğuran odur ki, dünyada irili-xırdalı pozucu dairələr informasiya məkanının mötəbərliyini qoruyan, bununla da ciddi rəqabətdə özünü sığortalamağa çalışan ənənəvi media vasitələrinə yol tapa bilməyəndə, hələlik beynəlxalq hüquq normaları ilə qorunmayan, müəyyən mənada “qapıları hamının üzünə açıq olan” sosial şəbəkəyə üz tutur. Belə pozucu ünsürlərin yalan, böhtan və qərəz yüklü informasiyaları sosial şəbəkədə, bir çox halda, maneəsiz yayılır. Sosial şəbəkələri “sosial media” kimi tanıtmağa və qəbul etdirməyə çalışanlar da belə bədniyyətli pozucu mərkəzlər və qüvvələrdir. Vaxtilə iki nəfərin bir-biri ilə, yaxud qrup halında məktublaşması jurnalistika sayılmadığı kimi, indiki halda, sosial şəbəkədəki şəxsi yazışma, xəbərləşmə də media sayıla bilməz. Hər iki fəaliyyətin ortaq tərəfi informasiya yayımıdır. Peşəkar media yaydığı informasiyaya görə cəmiyyət qarşısında əxlaqi və hüquqi məsuliyyət daşısa da, sosial şəbəkələr hələlik bu tələblərə məhəl qoymur. Bütün bunlara görə sosial şəbəkə cəmiyyətin “dördüncü hakimiyyət” statusunu etibar etdiyi mötəbər yayım vasitəsi - media sayıla bilməz. “Açıq qapı” məsələsi də buradan meydana gəlir. Demokratiya şəraitində insanların həqiqi, yetərli informasiya almaq hüququna konstitusiya ilə təminat verilir və bu tələbatın ödənilməsi müvafiq qanunla tənzimlənir. Sosial şəbəkə isə insanların kütləvi özfəaliyyəti olaraq ərsəyə gəldiyindən bu məişət səviyyəli informasiya sferası obyektiv məlumat əldə etmək qaynağı sayılmır və bir çox halda zərərli fəaliyyət göstərir. Sosial şəbəkə bu səbəbdən vaxtaşırı beynəlxalq aləmdə, eləcə də Azərbaycan gerçəkliyində bəzən mənəvi epidemiya yayıcısına çevrilir, cəmiyyətdə zərərli viruslarla yoluxmuş ictimai rəy yaradır, beyinlərdə və düşüncələrdə zərərli toxumlar əkir. Beləliklə, ənənəvi mediada informasiya mötəbərlik keyfiyyəti qazanıb qurucu enerjiyə çevrilirsə, sosial şəbəkədə yalan, böhtan və şərlə emal olunmuş “informasiya” həqiqət dəyərini itirir, beyinləri dumanlandırır, ictimai rəyi çaşdırır. Bununla da təhlükə mənbəyinə çevrilir, insanların mənəviyyatına aqressiv enerji verir. Sosial şəbəkə internet üzərindən qarşılıqlı sosial münasibətlərin qurulması, şəxsi və ya korporativ mövqenin ifadə olunmasına xidmət edən platforma, onlayn-servis və veb-saytları əhatə edir. Veb 2∙0 : formatında digər resurs tipləri də mövcuddur. Bura sosial nişanlar (ünvanlar), sosial kataloqlar, sosial kitabxanalar, peşəkar sosial şəbəkələr daxildir. Peşəkar sosial şəbəkələr informasiya və təcrübə mübadiləsi, vakansiya təklifi və axtarışı, işgüzar əlaqələrin inkişaf etdirilməsi, yüksək peşəkarlıq tələb edən mövzuların müzakirəsi məqsədilə yaradılır. İnternet informasiyanın qorunması və ötürülməsi üçün birləşmiş kompüter şəbəkələrinin ümumdünya sistemidir. Buna görə də sosial şəbəkə istifadəçisi dərk etməlidir ki, o, yaydığı informasiyaya görə cəmiyyət qarşısında, fərdlər qarşısında ciddi məsuliyyət daşıyır. Təəssüf ki, çoxları bu məsuliyyəti dərk etmir. Tədqiqatçılar bildirirlər ki, könüllü surətdə həyatdan getmə üsullarını təbliğ edən “ölüm qrupları”nın “Vkontakte” sosial şəbəkəsində zərərli fəaliyyəti üzündən gənclər və yeniyetmələr arasında intihar halları xeyli artmışdır. Valideynlərin bir qismi ağıllarına belə gətirmirlər ki, övladlarının intiharının əsl səbəbi sosial şəbəkədə aparılan intihar təbliğatıdır. Azərbaycanla bağlı mənfur planlarını reallaşdıra bilməyən düşmən dairələrin toruna düşmüş kəmsavad, dardüşüncəli, dünyada baş verən ictimai-siyasi hadisələri, transkontinental oyunları, beynəlxalq güclərin məkrli planlarını dərk etməyən qeyri-yetkin ünsürlərin fitnəkar, xəyanətkar əməlləri iflasa məhkumdur. Bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan üçün taleyüklü məqamlarda Qərbdən körüklənən antiazərbaycan kampaniyasına millət olaraq monolit birliyimizlə təpki göstərmək, vətənsevər, millətsevər vətəndaş olaraq sərt mövqe sərgiləmək mənəvi borcumuzdur. Lakin, təəssüf ki, bəziləri dağıdıcı qüvvələrin toruna düşür, nankorluqla düşmənin səfində yer alır. Yadımdadır, redaksiyamıza gələn ahıl ər-arvad Avropaya getmiş övladlarından imtina etmələri barədə bizə müraciət təqdim edərək onu qəzetdə verməyimizi istədilər. Doğrusu, onların bu hərəkəti məni şübhəyə saldı. Araşdırmalar zənnimin məni yanıltmadığını təsdiqlədi. Sən demə, bu valideynlər Avropada sülənən övladlarına oturum almaq üçün onu “ölkədə təqib olunan müxalifətçi” kimi qələmə vermək məqsədilə bu yola əl atıblarmış. Sonradan öyrəndim ki, redaksiyada kələkləri baş tutmadığından oğullarına AXCP-dən “müxalifətçi” vəsiqəsi alıb göndəriblər. Qara texnologiyalardan istifadə edərək faşist və neofaşist təbliğatı aparan, milli və dövlətçilik maraqlarına qarşı terrorçuluq fəaliyyəti ilə məşğul olan beynəlxalq güclər ayrı-ayrı dövlətləri, qitələri, bütövlükdə planeti birqütblü dünyanın əsirliyində saxlamaq istəyirlər. Geosiyasi ziddiyyətlər, böyük dövlətlər arasındakı ixtilaflar, hərbi, ideoloji, informatik və diplomatik savaşlar qlobal dünya nizamının böhran keçirdiyini göstərir. Çoxqütblü dünya modelinin tərəfdarları olduğu kimi, əleyhdarları da var. Amma bu əleyhdarların böyük bir qismi təkqütblü dünya tərəfdarlarının yetirməsidir desək, həqiqəti etiraf etmiş olarıq. ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays bildirir ki, çoxqütblülük ideyası birləşdirici güc ola bilməz: “Çoxqütblülük rəqabət, fərqli maraq və dəyərlər nəzəriyyəsidir. Bu ideologiya bizi bəşəriyyətin qarşısında duran böyük vəzifələrin həllindən uzaqlaşdırma təhlükəsi yaradır”. Reallıq isə bu təhlükənin birqütblü dünya modelindən, dünya ağalığı iddiasında olan böyük güclərin ədalətsiz mövqeyindən, ikili standartlardan irəli gəldiyini göstərir. Özünü liberal dünya nizamının arxitektoru və dayağı hesab edən ABŞ-ın, hər şeydən əvvəl, öz maraqlarını müdafiə etməsi, əslində, liberal dünya nizamı ilə ziddiyyət təşkil edir. Bu halda lokal məkanlarda regional təkamül düzəni məntiqinə uyğun konfiqurasiyalar meydana gəlir. Ancaq bu konfiqurasiyalar tez-tez böyük dövlətlərin açıq-gizli hücumuna, pozucu təsirinə məruz qalır. Pərdə arxasındakı mənfur ideoloqlar, siyasi dəllallar, intellektdən məhrum bədnam rejissorlar görünməsə də, uydurduqları şər və böhtan, əl atdıqları qeyri-məqbul vasitələr onların çirkin simasını, mənəviyyatsız daxili aləmini ifşa edir. Belələrinin əlində oyuncağa çevrilən turallar, orduxanlar, eminlər, azərlər, özgə qapılarında sülənərək şərəf və ləyaqət anlayışını unudurlar. Onların arsenalındakı şər və böhtan, yalan və uydurmalar ictimai rəyi çaşdırmağa, dövlətçiliyə zərbə vurmağa, ölkədə sabitliyi pozmağa, xaos və anarxiya mühiti yaratmağa, qanuni hakimiyyəti devirməyə hədəflənib. Xarici ölkələrin xüsusi xidmət orqanlarının, terror təşkilatlarının məxfi düşərgələrində təlim keçmiş, Suriyada, İraqda nəyin uğrunda vuruşduqlarını belə anlamadan qan tökən, insan öldürən, uşaqları yetim qoyan, ocaqları söndürən qatilləri “milli qəhrəman” kimi ictimai şüura sırıyan sosial şəbəkə istifadəçiləri, görəsən, suç ortağı, cinayət iştirakçısı olduqlarının fərqinə varırlarmı?! Bu zavallıların bir qismi intellektin yoxluğu, bir qismi də aldıqları qrantın müqabilində hesabat vermək məcburiyyətindən bədniyyətlilərin zombiləşmiş icraçısına çevriliblər. ABŞ, Danimarka, Almaniya, Avstraliya, Rusiya və digər ölkələrdə keçirilən sorğuların ümumiləşdirilmiş nəticələri və kontent-təhlillər göstərir ki, sosial şəbəkədən qaynaqlanan təhlükələrin sayı-hesabı yoxdur: təhdid, zorakılıq, seksual zorakılıq, konfidensiallığın itirilməsi, pedofillik, şayiə, şantaj, böhtan, imicə zərbə vurulması, spam, şəxsi informasiyanın ələ keçirilməsi, kiberterrorizm, psixikaya mənfi təsir və bu qəbildən olan digər neqativ hallar getdikcə həndəsi silsilə ilə artmaqdadır. Sosial şəbəkədə yerləşdirilən informasiya və kontentə görə onu təqdim edən istifadəçi cavabdehdir. Bu səbəbdən də çoxmilyonlu auditoriyada məsuliyyətsizliyə, səhlənkarlığa, milli, dini dözümsüzlüyə, konstitusion quruluşun devrilməsinə, dövlətə qarşı itaətsizliyə, qanunsuz aksiyalara çağırış hüquqi baxımdan dövləti cinayət kimi tövsif olunmalıdır. Bəs dünya dövlətləri sosial şəbəkədən gələn bəlalara, neqativ hallara qarşı necə mübarizə aparırlar? Məsələn, ötən il Ukrayna “Vkontakte” və “Odnoklassniki” şəbəkəsini bloka aldı. Ukrayna belə addım atan ilk dövlət deyil. Artıq Rusiyada da bağlanmış sosial şəbəkələr var.

Çin

Çin Xalq Respublikası fərqli yolla gedərək, “Facebook”, “Twitter”, “Youtube” və digər sosial şəbəkələrin analoqlarını yaradır. Artıq həmin analoji şəbəkələr ölkədə kifayət qədər populyarlıq qazanıb. “Facebook”un analoqu olan “Renren Network” interfeysli sosial şəbəkə Çin gəncləri arasında böyük maraq doğuraraq kütləviləşib. Çinin kütləvi mikrobloq servisi “Sina-Weibo” da uğurla fəaliyyət göstərir. Onun ən böyük sosial şəbəkəsi olan “Qzone” istifadəçilərinin sayına görə dünyada “Facebook” və “Youtube”dan sonra üçüncü yerdədir. Amma bu şəbəkələr yalnız Çində fəaliyyət göstərirlər.

Rusiya

Rusiyada bloka alınmış peşəkar sosial şəbəkə – “Linkedin”in istifadəçilərinin sayı artıq 36 faiz azalmışdır.

Türkmənistan

Türkmənistanda internet üzərində ciddi senzura vardır. Ölkə hakimiyyətinə tənqidi münasibət bəsləyən hər bir informasiya dərhal bloklanır. “Youtube”, “Facebook”, “Twitter” VK şəbəkələri, həmçinin “WhatsApp” və “Viber” messencerləri də bloklanıb.

Özbəkistan

Bu ölkədə sosial şəbəkələr bloka alınmasa da, “Skype” və “Viber” messencerləri bağlıdır.

Şimali Koreya

İnternetə və digər sosial şəbəkələrə giriş yoxdur. “Facebook”un analoqu kimi yaradılan “Starcon.net.kp” cəmi bir gün fəaliyyət göstərib. Ancaq ölkədə “İntranet” adlı daxili məlumat mübadiləsi şəbəkəsi var.

İran

“Facebook”, “Twitter, “Youtube” üzərində ən sərt senzura İrandadır. Bu şəbəkələr bloka alınıb. Fars dilində fəaliyyət göstərən interfeysli “Cloob.com” milli sosial şəbəkə ölkədə çox populyardır.

Tacikistan

“Facebook” sosial şəbəkəsi 2012-ci ildə bloka alınsa da, bir neçə ay sonra giriş bərpa olunub.

Pakistan

“Facebook” və “Youtube” şəbəkələrinə girişdə problemlər var, “Skype”, “WhatsApp” və “Viber” messencerləri zaman-zaman bloka alınır. Hakimiyyət bunu antiterror təhlükəsi ilə izah edir.

Səudiyyə Ərəbistanı

Bu ərəb ölkəsində rəsmi bloklanma olmasa da, “Facebook” və “Youtube” şəbəkələrinə qarşı maneələr yaradılır. Əxlaq polisi sosial şəbəkələrə qoyulan şəkilləri və “amoral” saytları izləyir, nəzarətdə saxlayır. Məsələn, şəbəkəyə başıaçıq şəkil qoymuş qız əxlaqsızlığa görə həbsə alına bilər.

Vyetnam

“Facebook” şəbəkəsinə qarşı qismən məhdudiyyət vardır. Hökumət şəbəkəyə qoyulan informasiyanı daim izləyir. Sosial şəbəkədə hökumətin əleyhinə tənqidi informasiya yerləşdirilməsinə çox böyük məbləğdə cərimə tətbiq olunur.

Misir

2011-ci ildə “Ərəb baharı” zamanı internet bütünlükdə bağlanmışdır. Daha sonra “Twitter, “Youtube” və “Facebook” vaxtaşırı bloklanmışdır. Vəziyyətdən asılı olaraq, sosial şəbəkəyə giriş gah bloklanır, gah da açılır.

İnformasiya terroru

İnformasiya terroru sağlam zəkanın, insanların ağıl və düşüncəsinin normal fəaliyyətinə qarşı yönəldilmiş təhlükəli psixointellektual təxribatdır, insanların şüurlarına yeridilən yalan məlumat informasiya terrorunun əsas qaynağıdır. İnformasiya ilə manipulyasiya, kibercinayətkarlıq, faşizm və neofaşizm təbliğatı yolu ilə kütləvi şüura təsir etmək, qorxu və vahimə yaratmaq, insanları cinayətkar əməllərə sövq etmək niyyəti təkcə ayrı-ayrı fərdlərin deyil, xüsusi təlim görmüş məxfi mərkəzlərin, diversiya qruplarının, hətta böyük güclərin, bəzi dövlətlərin fəaliyyətində belə önəmli yer tutur. Serverlərin dağıdılması, konfidensial məlumatların bilərəkdən sosial şəbəkəyə ötürülməsi, transmilli korporasiyaların saytlarına hücum müasir dünyanın adi reallığına çevrilməkdədir. Hətta iş o yerə çatıb ki, qələbələri belə sivil yollarla, liderlik keyfiyyətləri əsasında deyil, məharətlə hazırlanmış informasiya mübarizəsi sayəsində əldə etməyə çalışırlar. Başqa sözlə desək, informasiya müasir müstəvidə silaha çevrilmişdir. İnformasiya terroru genişləndikcə yeni-yeni texnologiyalar, çeşidli üsullar ortaya çıxır. Beləliklə, vəziyyət daha da mürəkkəbləşir. Bunun bir səbəbi də odur ki, internetin təmin etdiyi anonimlik terrorçunu görünməz gücə çevirir, onun aşkarlanmasını çətinləşdirir. ABŞ Prezidenti Donald Tramp 2016-cı ildə dövlət başçısı seçilmişdir. İki ildir ki, ABŞ-da bəzi dairələr Rusiyanın prezident seçkilərinə müdaxilə etdiyini iddia edirlər. Rusiya tərəfi isə bu iddianı rədd edir. Məsələ çözülməmiş qalmaqdadır. Ehtimal ki, ABŞ-ın iddiası elə iddia olaraq da qalacaq. İnformasiya terrorizminin ən təhlükəli istiqamətlərindən biri də mental terrorizmdir. Kütlənin şüuru ilə manipulyasiya edən mental terrorizmin əsas silahı, təsir aləti kütləvi kommunikasiya vasitələridir. Cəmiyyətdə sosial gərginlik yaşandığı məqamda kütlənin gözləmədiyi, əksinə, onun emosional vəziyyətinə ciddi neqativ təsir göstərən qorxulu şayiələrin informasiya məkanına buraxılması hallarının alov saçan qığılcım kimi böyük partlayışa, ağır nəticələrə səbəb olması, çətin ki, kimdəsə şübhə doğursun. Mental terrorizmin daha təhlükəli istiqaməti cəmiyyətdə son dərəcə neqativ əhval-ruhiyyə yaradan aqressiv şayiə buraxılmasıdır. Belə şayiənin ən səciyyəvi nümunələrindən biri 1988-ci ilin dekabrında Ermənistanda zəlzələ baş verən zaman SSRİ tərəfindən uydurulan və informasiya məkanında dərhal ciddi reaksiya doğuran, əhalinin ABŞ-a qarşı nifrətini gücləndirən saxta informasiya idi. SSRİ-nin xüsusi xidmət orqanları o zaman çox ustalıqla belə bir şayiə yaymışdılar ki, ABŞ Ermənistanda tektonik-geoloji silahdan istifadə etmişdir. Bəzən adama elə gəlir ki, son dövrdə müxtəlif müstəqil internet resurslarının meydana gəlməsi həqiqəti anlamağa, düzgün məlumatı yüzlərlə yalanın, uydurmanın içərisindən saf-çürük edib seçməyə kömək edəcək. Təəssüf ki, çox vaxt buna müyəssər ola bilmirik. Çünki gərgin, ziddiyyətli məqamda şüurlara yeridilən şayiənin arxasınca informasiya məkanına ötürülən minlərlə doğru məlumat əsl həqiqətin obyektiv daşıyıcısı olsa da, şayiələrin zərərli psixointellektual təsirini dərhal silmək, yox etmək mümkün olmur.

X X X

Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas istiqamətlərindən biridir... Hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bəzən kütlə mahiyyətcə terror və terrorçuya xidmət edən şayiəni, yalanı, uydurmanı düzgün təhlil etməyi, ona tənqidi yanaşmağı, başqa sözlə, həqiqəti uydurmadan ayırmağı bacarmır. Bu səbəbdən də insanların, bütövlükdə cəmiyyətin informasiya terrorizmindən qorunması müasir dünyada xüsusi aktuallıq kəsb edir. Məsələ burasındadır ki, yüksək texnologiyaların inkişafı terrorizm, o cümlədən informasiya terrorizmi üçün yeni imkanlar açır. Artıq təyyarəni ələ keçirib, insanları girov götürməyə ehtiyac qalmayıb, yerdən təyyarəni idarə edən kompüter şəbəkəsinə müdaxilə kifayətdir ki, bəd məqsədini həyata keçirəsən. Hansısa dövlətin başçısı, məşhur siyasi xadim hospitalda müalicə alırsa, onu aradan götürmək üçün də nə silaha, nə də partlayıcıya ehtiyac var. Hospitalın lokal şəbəkəsinin müdafiəsini sındırmaq və xəstənin həyat təminatı sisteminə yol tapmaq kifayətdir. Bu faktlardan da görünür ki, dövlətlər və beynəlxalq təşkilatlar dünya informasiya məkanını bizi təhdid edən qorxunc və çeşidli təhlükələrdən qorumaq üçün yetərli proqramlar həyata keçirməyə tələsməlidirlər. İnformasiya-psixoloji müharibə məfhumu altında təbliğat, dezinformasiya, cəmiyyətin sosial-siyasi təşkilinə yeni baxışlar formalaşdırılması üçün manipulyasiya yolu ilə informasiyanın fərdin, qrupların və kütlənin şüuruna latent təsiri nəzərdə tutulur. İnformasiyanın destruktiv təsirini səciyyələndirərkən onun transmilli xarakterini, istənilən ərazidə, hər hansı bir sahədə təzahüretmə imkanını unutmaq olmaz. Bu zaman düşmənin mədəniyyət sferası, siyasi, iqtisadi, maliyyə məkanı, hərbi proqramları hücum obyekti kimi seçilə bilər. Bəla burasındadır ki, hücum obyekti olan ölkə bəzən bunu uzun müddət anlaya, dərk edə bilmir. “Narıncı inqilablar”, “Ərəb baharı”, “Ukrayna böhranı” – bütün bunlar ictimai şüurun idarə olunması imkanlarını genişləndirən kiberməkanın effektiv vasitələrindən məharətlə istifadə sayəsində mümkün olmuşdur. Bu gün hər bir ölkənin kiberməkanı dünya kiberməkanının tərkib hissəsidir. Odur ki, bütün ölkələr vahid kiberməkanı təhdid edən təhlükələrə məruz qalırlar. Cinayətkarlıq və informasiya terrorizminə qarşı mübarizə, qlobal informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi bəşəriyyətin qarşısında duran mühüm vəzifədir. Bunu görməzliyə vurmaq ağır nəticələr verə bilər. Radikal müxalif və dini ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə qarşı yönəlmiş qanlı terror hadisələri törədərək, şəhər icra hakimiyyətinin başçısı, işgüzarlığı, dövlətçilik təfəkkürü, memarlıq zövqü ilə seçilən Elmar Vəliyevə, onun mühafizəçisinə sui-qəsd edib, asayişin keşiyində dayanan, iğtişaşların qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetirdilər. İyulun 15-də isə Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalif ünsürlərin Gəncədə baş verənləri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla keçirdiyi əməliyyat nəticəsində alındı. Kütləvi informasiya vasitələrinin böyük əksəriyyəti bu hadisələrə dərhal obyektiv münasibət sərgiləyərək törədilən cinayətləri qətiyyətlə pislədi, ictimai rəyin çaşdırılmasına imkan vermədi. Təəssüf ki, bəzi saytlar və sosial şəbəkə istifadəçiləri bu hadisələr zamanı müxtəlif üsul və bəhanələrlə terrora və terrorçulara dəstək verdilər. Bu və ya digər səbəbdən düşmən dəyirmanına su tökdülər. Belələrinə bir daha xatırlatmaq istərdik ki, böyük və şərəfli dövlətçilik tarixi olan bu xalq tarixboyu yaşamağa, ağır sınaqlardan alnıaçıq, üzüağ çıxmağa layiq olduğunu dəfələrlə sübut edib, düşmənin arzularını gözündə qoyub. Əlbəttə, bu, o demək deyil ki, təhlükə sovuşdu deyə arxayınlaşmalıyıq. Düşmən dairələrin yenidən əl-qol açmaması, yeni həmlələrin olmaması üçün mövcud boşluqlar aşkar edilərək qabaqlayıcı tədbirlər görülməlidir. Bəs, məlum terror hadisələri zamanı sosial şəbəkə pərdəsi arxasında gizlənib ictimai rəyi çaşdırmağa çalışan, reallığı təhrif edən, terrorçulara və cinayətkarlara haqq qazandırmağa səy göstərən, terrorçunu, cinayətkarı “milli qəhrəman” obrazında ictimai şüura sırımağa çalışan sosial şəbəkə dəllallarının mənfur tipləri kimlər idi?! Gəncəbasarlı “qəhrəman”, “cəsur qisasçı” kimi qələmə verilən Yunis Səfərov Rusiya vətəndaşıdır. Anası ermənidir və Federal Təhlükəsizlik Xidmətinin kitabxanaçısıdır. Y.Səfərov 2016-cı ildə 8 ay İranın Qum şəhərində təlim keçdikdən sonra Suriyada silahlı birləşmələrin tərkibində döyüşüb, onlarca insanı, qocanı, qadını, uşağı öldürüb. Bu peşəkar qatil neçə-neçə ailənin ocağını söndürüb, nəslini kəsib. 2017-ci ildə Yunis Səfərov yenidən Azərbaycana qayıdıb. “Kapital Bank”ın Gəncə filialında “postda duran” polis əməkdaşının başına küt alətlə zərbə endirib, “Makarov” markalı xidməti silahını ələ keçirib. Elmar Vəliyevi izləyərkən şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən, tutulmamaq üçün asayiş keşikçisini yaralayaraq qaçıb. İyulun 3-də Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gələrək icra başçısı Elmar Vəliyevə, onun mühafizəçisinə atəş açaraq onları qətlə yetirməyə çalışıb. Xüsusi təhlükəli cani hazırda istintaq altındadır. Terror aktlarını törətməzdən əvvəl o, “Müsəlman birliyi hərəkatı” adından videomüraciət hazırlamış, konstitusion quruluşu devirməyə çağırış etmişdir. Bəzi sosial şəbəkə istifadəçilərinin digər “qəhrəmanı” Rəşad Böyükkişiyevdir. Bu bədnam cani 2007-ci ildə öz doğma anasını qətlə yetirib. Həbsdən azad edildikdən sonra Rusiya Federasiyasına gedərək 9 ay sonra soyğunçuluğa görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncədə polis zabitini qətlə yetirməkdə şübhəli bilinən Böyükkişiyev onun tutulması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəmkirin Moranlı kəndində polis əməkdaşlarına silahlı müqavimət göstərdiyindən iyulun 13-də orada məhv edilib. Bədnam “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərindən biri də Muraz Rəhimovdur. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində paytaxtda partlayış törətmək niyyətinə düşsə də, hüquq-mühafizə orqanları terrorun qarşısını alıblar. Cəzaçəkmə müəssisəsində Muraz Rəhimov yenidən cinayət məsuliyyətinə cəlb edildiyinə görə məhkumluq müddəti artırılıb. İyulun 10-da Gəncə şəhərində iğtişaşlarda fəal iştirak etdikdən sonra Bakıya qaçaraq gizlənib. Burada yeni cinayət planı hazırlayaraq, 2018-ci ildə Aşura mərasimi zamanı Gəncə şəhərinin imamını və polis əməkdaşlarını qətlə yetirməyi qərara alıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat zamanı terrorçu Muraz Rəhimov silahlı müqavimət göstərdiyindən məhv edilib. Sosial şəbəkə dəllallarının “sosial ədalət uğrunda” qəhrəmanlarından biri də Vidadi İsgəndərovdur. Avropadan efirə çıxan bədnam İsgəndərovun nə qədər “ədalətli”, “obyektiv” bir zat olmasını təkcə bir fakt açıq-aydın göstərir. Bu abdal Avropadan Azərbaycana bağırır ki, guya onun atası Sovet İttifaqı Qəhrəmanıdır. Yalan ayaq tutar, amma yeriməz. Vidadi İsgəndərovun atası Sovet İttifaqı Qəhrəmanı deyil. Görünür, adam ağ yalan danışmağa adətkər olub. Sosial şəbəkənin bədnam “qəhrəmanlarının” siyahısını uzada da bilərdik. Amma buna ehtiyac görmürük. Nəhayət, informasiya terrorizmi nədir? İnformasiya terrorizmi hakimiyyət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, beynəlxalq təşkilatların, sosial qrupların, hüquqi və fiziki şəxslərin qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) istifadə etməklə informasiya məkanı daxilində informasiya, informasiya texnologiyaları və informasiya resursları vasitəsilə əhaliyə ideoloji cəhətdən əsaslandırılmış təsir göstərilməsidir. Burada vəziyyəti çətinləşdirən əsas cəhətlərdən biri odur ki, informasiya məkanı sərhədsiz olduğundan, informasiya terrorunun da sərhədi yoxdur. Milli ərazi sərhədlərindən asılılığın olmaması terrorçunun imkanlarını daha da genişləndirir. Amma beynəlxalq və milli hüquq normalarına əsaslanan bəzi məhdudiyyətlər olsa da, informasiyanın qorunmasının qanunvericilik təminatının zəifliyi üzündən problemlər yaranır. Qloballaşan informasiya şəraitində kiberterror aksiyasının həyata keçirilməsi təhlükəsi olduqca realdır. Terrorizmə qarşı mübarizə terrorizmin profilaktikası, xəbərdarlıq, terroryönümlü cinayətlərin aradan qaldırılması, günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər kompleks tədbirləri əhatə edir. Ümumiyyətlə, qeyd edək ki, terrorizmə qarşı sistemli mübarizə informasiya terrorizminə qarşı məkrli tədbirlər dairəsinin tam olmasa da, bəzi istiqamətlərini müəyyənləşdirir:

- terrorizmə qarşı qabaqlayıcı hüquqi tədbirlərin həyata keçirilməsi;

- terrorizmə qarşı xüsusi mübarizə tədbirləri;

- təşkilati tədbirlər, terrorizmə qarşı mübarizənin təşkilati əsaslarının səmərəliliyinin yüksəldilməsi;

- terroryönümlü cinayətlərin qarşısının alınması;

- müəssisə və təşkilatların daxili təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

- terrorla mübarizədə beynəlxalq əməkdaşlıq;

- əhalinin və sosial şəbəkə istifadəçilərinin hüquqi maarifləndirilməsi;

- terrorun səbəblərinin aradan qaldırılması;

- terror və digər cinayətlərin təşkilinə və həyata keçirilməsinə cəhd göstərən şəxslərin və təşkilatların dairəsinin müəyyənləşdirilməsi və onların qarşısının alınması;

- antiterror qüvvələrinin mükəmməl təlimi və hər an mübarizəyə hazırlanması;

- insanların, obyektlərin, həyat təminatlı obyektlərin daimi mühafizəsi;

- terrorçuluq ideyalarının yayılmasının qarşısının alınması;

- antiterror mübarizəsi üzrə tədbirlərə dair informasiya-təbliğat işinin fəallaşdırılması.

Elə buradaca qeyd edək ki, terrorizm getdikcə yeni formalar alır. Birləşmiş Millətlər Təşkilatı terror anlayışına aydınlıq gətirməyə, vahid bir formul müəyyənləşdirməyə dəfələrlə cəhd göstərsə də, hələlik ümumi bir mövqe ortaya qoya bilməmişdir. Məlum olan odur ki, terror dövlətlər və xalqlar arasında dostluq münasibətlərini sarsıdır, dövlətin təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir, beynəlxalq sülhə və təhlükəsizliyə, əməkdaşlıq mühitinə, insan hüquq və azadlıqlarına, cəmiyyətin demokratik əsaslarına ağır zərbə vurur. Bu bəşəri bəla milli və sosial qruplar arasında barışmaz düşmənçiliyə, sosial ziddiyyətlərə və kataklizmlərə səbəb olur. Nəticədə dövlətlər və cəmiyyətlər parçalanır, dağıntı, böhran və tənəzzül baş verir. Tarixi təcrübə göstərir ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə, lokomotivinə çevrilməsi üçün mühüm konseptual proqramlar həyata keçirən ulu öndərimiz Heydər Əliyev ümumxalq birliyinin fundamental politoloji-nəzəri əsaslarını formalaşdırmışdır. Xalqımızın ötən yüzilliyin sonunda öz müstəqilliyini yenidən bərpa etməsi dahi şəxsiyyət, zəngin idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin sayəsində müstəqil Azərbaycan dövlətinin yaradılması ilə nəticələndi. Müasir hüquqi dövləti və onun bütün təsisatlarının səmərəli fəaliyyətini, bir tərəfdən şəxsiyyət və cəmiyyət, digər tərəfdən vətəndaş və dövlət strukturları arasında qarşılıqlı münasibətləri sivil yollarla tənzimləməklə cəmiyyətin mikromodeli qismində çıxış edən, hüquq sisteminin əsasını özündə ehtiva edən, şəxsiyyətin cəmiyyətdə yerini müəyyənləşdirən, dövlətlərin demokratik prinsiplərlə idarəçiliyini təsbit edən konstitusiyasız təsəvvür etmək qeyri-mümkündür. Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi, suverenliyin daşıyıcısı olduğunu bəyan edən, vətəndaşların hüquq və azadlıqlarını ali dəyərlər kimi təsbit edən, onun təmin olunmasını dövlət hakimiyyətinin əsas vəzifəsi elan edən, hüququn aliliyi prinsipini tanımaqla onu dövlət hakimiyyətinin fövqünə qaldıran Azərbaycan Respublikasının Konstitusiyası demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda mühüm rola malikdir. Bütün bunlara görə, etiraf etməliyik ki, aparılan siyasi, sosial-iqtisadi, məhkəmə hüquq islahatlarının böyük uğur qazanmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. Dünya miqyaslı siyasətçi Heydər Əliyevin müəllifi olduğu demokratik hüquqi dövlət quruculuğu konsepsiyası, sosial-siyasi inkişaf strategiyası, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi proqramları, milli qanunvericiliyin ratifikasiya edilmiş beynəlxalq hüquqi aktlara uyğun olaraq təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi, konstitusion islahatların, dövlət hakimiyyəti mexanizmini müəyyən edən müddəaların bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yaradıcılıqla, böyük uğurla davam etdirilməsi Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarına real təminat vermək imkanlarını müasir dünya standartları müstəvisinə yüksəldir. Bununla da ölkədə hüquq sisteminin davamlı inkişafı bütünlüklə təmin edilmiş olur, Şərq və Qərbin qovuşuğunda yerləşən respublikamızda hər iki sivilizasiyanın parametrlərini özündə birləşdirən modern bir dövlət meydana gəlir.

Həsən HƏSƏNOV

“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar