CƏMİYYƏT
Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını əks etdirən və polis əməkdaşlarının guya buna göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən yayılan böhtan xarakterli məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin görüntülər araşdırılıb. Qeyd edilən videonun paytaxtın Xətai rayonunda lentə alındığı müəyyənləşdirilib.
Videogörüntülərdəki şəxs - paytaxt sakini Murad Əsədzadə narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilindiyi üçün Xətai Rayon Polis İdarəsinin və 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Onun üzərinə baxış zamanı satış üçün qablaşdırılan 10 bükümdə heroin aşkar edilib.
Araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanıb və o, tutularaq istintaqa təqdim olunub. Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.