CƏMİYYƏT
Sosial şəbəkələrdə tanış olduğu əcnəbidən 7 kiloqramdan artıq narkotik vasitə alan şəxs tutulub
Bakı, 30 iyul, AZƏRTAC
Polis əməkdaşları paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva saxlanılıb. Onun üzərindən 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Polis idarəsində davam etdirilən əməliyyatlar zamanı müəyyən edilib ki, Elazə Mustafayeva narkotik vasitələri Vuqar adlı şəxsdən alıb. Narkotik vasitələrin satışı ilə məşğul olan Hacıqabul rayon sakini Vüqar Məhərrəmov əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərində 16 qrama yaxın heroin və metamfetamin aşkar olunub.
Vüqar Məhərrəmov ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa tanış olduğu xarici ölkə vətəndaşlarından biri qaçaqmalçılıq yolu ilə ona satmaq məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Beyləqan-İmişli yolunun kənarından əvvəlcədən razılaşdırılan yerdən götürərək satmaq üçün Bakıya gətirib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vüqar Məhərrəmovun gizlətdiyi yerdən 3 kiloqram 944 qram heroin və 3 kiloqram 503 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Elazə Mustafayeva və Vüqar Məhərrəmov istintaqa cəlb olunublar.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirlərini qətiyyətlə davam etdirirlər.