SİYASƏT
Soydaşlarımız Vyanada Türkiyədə törədilmiş terror aktlarının qurbanlarını anıblar
Vyana, 22 mart, AZƏRTAC
Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşəbbüsü ilə Azərbaycan diasporunun nümayəndələri Türkiyənin Vyanadakı səfirliyi önündə anım mərasimi keçiriblər.
Avstriyada fəaliyyət göstərən təşkilatın rəhbəri Yardım Günəş bildirib ki, tarixin fərqli dövrlərində soyqırımına məruz qalmış xalq kimi azərbaycanlılar terrorun törətdiyi fəlakətləri yaxşı anlayır və daim terrorun bütün formalarına qarşı çıxıblar.
Tədbir iştirakçıları qardaş Türkiyənin kədərini bölüşərək, həlak olmuş bütün şəhidlərə rəhmət diləyiblər.
Sonra təşkilat adından son həftələrdə Türkiyənin müxtəlif şəhərlərində baş verən və günahsız insanların ölümü ilə nəticələnmiş terror aktlarını qınayan bəyanat səsləndirilib və səfirlik önünə qərənfillər düzülüb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana