CƏMİYYƏT
Spirtli içkilər və dərman preparatlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı, avtomobilin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən qutusu və aksesuarları ilə birlikdə 1 ədəd "Huawei 10 Lite 64 GB", 1 ədəd qutu və aksesuarları olmayan "Huawei Mate 30 Pro 256 GB", 1 ədəd " Honor 32 GB" markalı mobil telefon, 5 adda 39 ədəd spirtli içki, 460 ədəd həb, 110 ədəd kapsul, 20 ampul və 16 flakon müxtəlif adda dərman preparatı, şəxsi əşyalarının içərisində isə gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd xəz dərili gödəkcə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.