İDMAN


Sprinter Ramil Quliyev: İdmanda təkcə istedad kifayət deyil

Riqa, 18 yanvar, AZƏRTAC

Dünyanın ən yaxşı sprinterlərindən biri, Rio-de-Janeyro Olimpiadasının finalçısı, dünya və Avropa birinciliklərinin medalçısı və çempionu Ramil Quliyev Latviyaya gəlib, orada yerli idmançılar üçün seminar keçirib.

AZƏRTAC xəbər verir ki, R. Quliyev LTV7 telekanalına müsahibə verib. Bu kanalın “Həyat bu gün” verilişinin efirində çıxış edən sprinter bildirib ki, onun sprinter idmanı ilə məşğul olmağa başlaması, demək olar ki, təsadüfdür.

Quliyevin sözlərinə görə, texniki baxımdan mürəkkəb idman növü olan sprint idmanı atletdən çox şey tələb edir. Burada təkcə fiziki hazırlıqdan söhbət getmir. Quliyev deyib: “Bir var adi idman, bir də var peşəkar idman. Onların arasında fərq çox böyükdür. Peşəkar idmanda biz saniyənin yüzdə bir hissəsi uğrunda mübarizə aparırıq. Bu, idmançının özü üzərində böyük iş aparmasını tələb edir”.

O qeyd edib ki, sprinter qidalanmasına, gündəlik rejiminə, hətta içdiyi suyun keyfiyyətinə də xüsusi diqqət yetirməlidir. İdmançının komandası da böyük rol oynayır: “Hazırda texniki imkanlar çoxdur və əgər sən həmin imkanlardan istifadə etmirsənsə, deməli zəmanədən geri qalırsan, zəruri biliklərin yoxdur”.

İdman karyerasına Azərbaycanda başlamış Ramil idmanın ən müxtəlif növləri – güləş, boks, üzgüçülük və idman gimnastikası ilə məşğul olub. Ramil o dövrü belə xatırlayır: “günlərin birində idman gimnastikası məşğələsində mənə dedilər ki, boyum nəinki öz yaşım üçün, ümumiyyətlə gimnastika məşğələləri üçün çox ucadır. Mən oranı tərk etməli oldum. Olimpiya liseyində oxuyurdum. Əgər idmanı tamam tərk etsəydim, həyatımda hər şeyi dəyişməli olacaqdım. Onda atam məni idmanın müxtəlif növlərində sınaqdan keçirməyə başladı, lakin heç yerdə xoşuma gəlmədi. Nəhayət, bir gün atam məni yüngül atletika seksiyasına apardı”.

Quliyev qeyd edib ki, idmanda təkcə istedadlı olmaq azdır, bunun üçün şərait də lazımdır: “Uçuş maşını olmayan pilot həqiqətən yaxşı pilot ola bilməz”.

Atlet daha sonra deyib: “Türkiyədə idmanı çox dəstəkləyirlər. Orada mən öz bacarığımı reallaşdırmaq imkanı əldə etdim. Şadam ki, özümü tapmışam”.

Aygün Əliyeva

AZƏRTAC –ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.