DÜNYA
Şri-Lanka Müdafiə Nazirliyi ölkədə hərbi çevrilişin mümkünlüyünü istisna edir
Bakı, 12 may, AZƏRTAC
Şri-Lanka Müdafiə Nazirliyinin nümayəndəsi Kamal Qunaratne ölkədə siyasi vakuum və dərin iqtisadi böhran fonunda hərbi çevrilişin mümkünlüyünü istisna edib.
AZƏRTAC “The Island” qəzetinə istinadla xəbər verir ki, bu barədə Kamal Qunaratne Kolombo şəhərində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda komendant saatı şərtlərini yerinə yetirən ordu təhlükəsizliklə bağlı vəziyyət normallaşan kimi kazarmalara qayıdacaq.
Müdafiə Nazirliyinin nümayəndəsi Hindistan qoşunlarının Şri-Lanka ərazisinə yeridilməsi ehtimalını da rədd edib. “Hindistan bizim böyük qardaşımızdır. Amma biz heç vaxt xarici qoşunların ölkəyə daxil olmasına icazə vermərik”, - deyə o bildirib.
Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nişanta Ulugetene eyni mətbuat konfransında çıxışı zamanı istefa verən Baş nazir Mahinda Racapaksanın təhlükəsizliyini təmin etmək məqsədilə Trinkomali hərbi dəniz bazasına aparıldığını deyib.
Şri-Lanka polisinin məlumatına görə, mayın 9-da başlayan və iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları nəticəsində ən azı 9 nəfər həlak olub, 240-dan çox insan isə yaralanıb. Təhlükəsizlik qüvvələri paytaxtdakı vəziyyəti normallaşdırmağa nail olub və ordu hissələri tədricən şəhərdən çıxmağa başlayıb.
Qeyd edək ki, Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən böyük iqtisadi böhranını yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub. Şri-Lankanın 51 milyard dollara çatan dövlət borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.