İQTİSADİYYAT
“Start.up! Almaniya Turu”na qeydiyyat başlayır
Bakı, 9 sentyabr, AZƏRTAC
Alman-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycandakı startaplara alman şirkətləri və Almaniya bazarı ilə əlaqə yaratmaq məqsədilə unikal rəqəmsal "Start.up! Almaniya Turu" proqramını təqdim edir. Proqram İnnovasiyalar Agentliyi, Alman Ticarət və Sənaye Palatalar Birliyi və Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, Almaniyanın işgüzar mühiti haqqında dəyərli məlumatlar verən bir sıra rəqəmsal seminarlara (2020-ci il sentyabrın 10-dan etibarən) əlavə olaraq, cari il oktyabrın 25-28-də keçiriləcək 25 ölkədən qatılan 100-dək startapın iştirak edəcəyi "Start.up! Almaniya Turu"na “ağıllı şəhər”, “logistika” və "insuretech" sahələrini təmsil edən ilk üç startap dəvət olunacaq.
“Start.up! Almaniya Turu" öncəsi seminarlar üçün son qeydiyyat tarixi hər tədbirdən 24 saat əvvəl sona çatacaq.
"Start.up! Almaniya Turu” üçün son qeydiyyat tarixi sentyabrın 22-si olacaq.
Qeydiyyat üçün link: https://www.startupgermany-azerbaijan.com/