İQTİSADİYYAT
Statistika Komitəsi Cenevrədə keçirilən seminarda təmsil olunur
Bakı, 22 fevral, AZƏRTAC
Dövlət Statistika Komitəsinin əməkdaşları Cenevrədə keçirilən seminara qatılıblar.
Komitədən AZƏRTAC-a bildirilib ki, fevralın 21-22-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşkilatçılığı ilə “Ekoloji-iqtisadi uçot sisteminin tətbiqi” mövzusunda seminar keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova və həmin şöbənin Ətraf mühit statistikası sektorunun müdiri İlqar Vəliyev iştirak edirlər.
Seminarda ekoloji-iqtisadi uçot sisteminin tətbiqi vəziyyəti, ayrı-ayrı ölkələrdə görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə ediləcək, bu sahədə əldə olunmuş bilik və təcrübələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndələri təqdimatla çıxış edərək ekoloji-iqtisadi uçot sistemi çərçivəsində ölkəmizdə əldə edilmiş nailiyyətlər və yaxın gələcək üçün planlaşdırılan işlərdən danışacaq, ekoloji hesabların tərtibi zamanı qarşıya çıxan problemlərin həlli ilə bağlı öz təcrübələrini bölüşəcəklər.