İQTİSADİYYAT
Strateji Yol Xəritəsində maşınqayırma üzrə nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Strateji Yol Xəritəsində maşınqayırma üzrə nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə nazirlikdə yaradılmış İşçi Qrupunun birgə iclası keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilmiş iclasda "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, təfsilatlı tədbirlər planının layihəsi müzakirə edilib. İclasda, həmçinin Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası zamanı qarşıya çıxa biləcək məsələlər və onların həlli, habelə tədbirlərin icrası ilə bağlı hesabatların tərtib edilməsinə dair fikir mübadiləsi aparılıb.