CƏMİYYƏT
Su quyusuna düşən 87 yaşlı qadın xilas edildi



Bakı, 6 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində bir nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-cı il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.