REGİONLAR
Subartezian və artezian quyuları vasitəsilə ötən il Şəkidə 2773 hektar əkin sahəsi suvarılıb
Şəki, 16 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya olan tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Son illər respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da bu sahədə xeyli iş görülüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Prezident İlham Əliyevin son illər imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamlara uyğun olaraq, 2013-2020-ci illər ərzində rayon ərazisində 99 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində yüzlərlə hektar əkin sahəsinin suvarma suyu, eləcə də on minlərlə sakinin yaşadığı yaşayış məntəqələrinin içməli su ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Təkcə 2020-ci ildə rayonda 18 subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, həmçinin əhalinin içməli suya olan tələbatı ödəniləcək.
Sabir Əhmədovun verdiyi məlumata görə, hazırda rayon ərazisində 184 subartezian və 9 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 2773 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan on minlərlə sakinin içməli su ilə təminatı ödənilir. 2020-ci ildə bu quyulardan 7 milyon 652 min kubmetr su çıxarılıb. Əkin sahələri və yaşayış məntəqələrinə 7 milyon 268 min kubmetr su verilib.