CƏMİYYƏT
Süd dişlərinin çürüməməsi üçün ona lap erkən vaxtdan qulluq göstərilməlidir
Bakı, 15 iyul, AZƏRTAC
Körpələrin ilk dişləri təxminən 6-8 aylığından sonra çıxır. Bundan sonra onlarda dişlərin çürümə riski artır. Stomatoloqlar deyirlər ki, dişdə çürüyün yaranmasına əsas səbəb tez-tez və uzun müddət şəkərdən istifadə etmək, ağız gigiyenasına əməl olunmamasıdır.
Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı AZƏRTAC-a deyib: “Dişlərə qulluq süd dişlərindən başlayır. Gündəlik şəkər qəbulunun miqdarı 40-50 qramdan çox olmamalıdır. Şəkər təkcə qənddə, konfetdə, şirniyyat və tortda deyil, hər şeydə var. Əslində, yediyimiz şorbanın da tərkibində çox az miqdarda da olsa, şəkər var. Qida qəbulundan sonra ağızı yaxalamadıqda şəkərin təsiri yarım saata qədər qala bilər”.
Körpələr və 12-18 aylıq uşaqlar arasında müşahidə edilən diş çürüklərinə “tez inkişaf etmiş uşaqlıq dövrü çürüyü” deyilir. Onun qarşısını almaq yolları barədə məlumat verən mütəxəssis deyib ki, ən geci 1 yaşınadək uşaq stomatoloquna müraciət olunmalıdır. Hər yeməkdən sonra uşağın ağzını tənziflə təmizləmək məsləhətdir. Dişlər görünməyə başlayandan sonra diş fırçasından istifadə etmək olar. Bu zaman həm də ağız su ilə yaxalanmalıdır. Daha çox yumşaq diş fırçalarına üstünlük verilməlidir.
“Arxa dişlərin 2,5-3 yaşında çıxdığını nəzərə alsaq, həmin vaxtdan uşağın diş fırçasından istifadə etməsi tövsiyə olunur, lakin valideynlər uşaqların dişlərinin təmizlik və sağlamlığını nəzarətdə saxlamalıdırlar”, - deyə həkim-stomatoloq bildirib.
Çürük dişlərlə əlaqədar stomatoloqa az müraciət olunması üçün uşaqlara tərkibində rafinə olunmayan təbii meyvə, tərəvəz, paxlalı bitkilər, süd, pendir, qatıq və başqa süd məhsulları çox verilməlidir. Mümkün olduqca butulka əvəzinə fincandan istifadə etmək, əmzikdən uzaq durmaq məsləhətdir.