DÜNYA
Sudanda Baş nazirin istefasından sonra vəziyyət daha da gərginləşib
Qahirə, 3 yanvar, AZƏRTAC
Ötən ilin oktyabrında baş vermiş hərbi çevriliş zamanı ev həbsinə məhkum edilən və noyabrda hərbi xuntanın rəhbəri general Əbdülfəttah Əl Burhan ilə saziş imzalayaraq yenidən sivil hökumət qurmağa cəhd edən Baş nazir Abdalla Hamduk istefasını elan etdikdən sonra Şimali Afrikanın bu ölkəsində vəziyyət daha da gərginləşib.
AZƏRTAC xəbər verir ki, paytaxt Xartumda davam edən iğtişaşlarla bağlı bəyanatla çıxış edən general Burhan ölkədə xaos yaranmasına icazə verilməyəcəyini bəyan edib. Etiraz nümayişinin təşkilatçıları isə hərbi rejimə qarşı müqavimətin davam edəcəyini bildiriblər.
Sudanda hərbi xuntanın hakimiyyəti ələ keçirdiyi dövrdə 57 nümayişçi öldürülüb, yüzlərlə dinc sakin yaralanıb. İstefa verən Baş nazir Hamduk xalqa müraciətində bildirib ki, onun ölkənin fəlakətə sürüklənməsinin qarşısını almaq cəhdləri uğursuzluqla nəticələnib. O əlavə edib ki, “Sudan çox təhlükəli bir vəziyyətlə üzləşib və ölkədə daha böyük faciələr baş verə bilər”.
Hazırda paytaxt Xartum və ölkənin ikinci böyük şəhəri Omdurmanda minlərlə insan hərbi rejimə qarşı etiraz mitinqlərində iştirak edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə