CƏMİYYƏT


“Sülh göyərçini” aksiyası çərçivəsində Bakıda tədbir keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Binəqədi rayonundakı 83 və Səbail rayonundakı 189 nömrəli orta məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış aksiyası çərçivəsində yığıncaq keçirib.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə İkinci Dünya müharibəsi veteranları, Binəqədi və Səbail rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, hər iki təhsil ocağının şagird və müəllim kollektivi iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycanın bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Xalqımız bu müharibədə qazanılan qələbəyə böyük töhfələr verib. Bu gün keçirilən tədbirdə məqsəd həm də dünyaya sülh mesajları çatdırmaqdır. Belə tədbirlər ölkəmizin 20 faiz torpaqlarının hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından da əhəmiyyətlidir.

Sonra veteranlar, məktəb direktorları və müəllimlər, Respublika Veteranlar Təşkilatının əməkdaşları çıxış edərək tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın müharibə vəziyyətində yaşamasına baxmayaraq, daim sülh tərəfdarı olmasından danışıblar.

Sonra şagirdlər İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad etmək üçün hazırlanmış şarları havaya buraxıblar.

Tədbir iştirakçıları dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokonfrans vasitəsilə ölkəmizin dünyada sülhün bərqərar olması ilə bağlı mövqeyini və xalqımızın əmin-amanlıq istəklərini bir daha bəyan ediblər.

Sonda məktəblilərin ifasında sülh haqqında mahnı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.