REGİONLAR
Sülh naminə dünyanı dolaşan velomarafonçu Gəncədə
Gəncə, 25 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gürcüstanlı idmançı Rodar Beridze velosipedi ilə sülh naminə dünya səyahətinə çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərindən yola çıxan “Dünya yolu” adlı velomarafon iştirakçısı Gəncəyə gəlib.
O, burada Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları tərəfindən qarşılanıb. Qazaxdan Gəncəyə gələn Rodar Beridzenin sonrakı dayanacağı Ucar rayonu olacaq. Hacıqabul, Bakı, Sumqayıt və Qubaya da səfər etdikdən sonra Dağıstana yola düşəcək. Velomarafon Qafqaz regionunun, ümumilikdə, 26 şəhər və rayonunu əhatə edəcək.
Qeyd edək ki, 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə “Dünya yolu” adlı velomarafon keçirilir. Bu məqsədlə Gürcüstanın Tbilisi şəhərindən başlanan velomarafon Avrasiyanın 50 ölkəsini əhatə etməklə 3 il davam edəcək. Bu zaman ərzində 60 min kilometr məsafə qət olunacaq.