CƏMİYYƏT
Sultan Hacıyev: Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri azad edilmiş ərazilərin bərpasıdır
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan son illər ərzində böyük nailiyyətlərə imza atıb. Şübhəsiz ki, ölkəmiz bu nailiyyətləri beynəlxalq əməkdaşlıqlardan faydalanaraq əldə edib. Ölkəmizin qarşısında bir çox vəzifələr durmaqdadır və onların ən mühümlərindən biri azad edilmiş ərazilərin bərpasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" proqramının icrasına başlanılması ilə bağlı tədbirdə Prezident Administrasiyasının nümayəndəsi Sultan Hacıyev söyləyib.
O bildirib ki, bununla yanaşı, ölkəmiz bir neçə başqa sahədə mühüm vəzifələrin icrasında davamlı irəliləyişlər, nailiyyətlər və böyük uğurlar əldə etməkdədir. Bu baxımdan, Azərbaycanın ənənəvi tərəf müqabili olan Avropa İttifaqı ölkəmizə fəal dəstəyini əsirgəmir.
“Bizim ənənəvi tərəfdaşlarımızdan biri olan BMT bu il Azərbaycan Respublikasında fəaliyyətinin 30 illiyini qeyd edir. Bu münasibətlə yaxın zamanlarda Şuşada tədbir keçiriləcək. Tədbirin müzakirə mövzularından biri bu inkişaf və uğurlarda beynəlxalq ictimaiyyətlə əməkdaşlıq olacaq”, - deyə Sultan Hacıyev qeyd edib.