REGİONLAR
Sumqayıt Dövlət Dram Teatrı yeni layihələr üzərində çalışır
Sumqayıt, 8 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Ötən il Sumqayıt Dövlət Dram Teatrı üçün yaradıcı hadisələrlə zəngin olub.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov AZƏRTAC-ın müxbirinə bildirib ki, ən yaddaqalan hadisə teatrın 50 illik yubileyinin təntənə ilə qeyd edilməsidir. “Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley tədbiri möhtəşəmliyi ilə hər kəsə fərəhli anlar yaşatdı”, - deyən teatrın direktoru qeyd edib ki, dövlətimizin başçısının sərəncamı ilə 3 nəfər Əməkdar artist fəxri adı, 7 nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 10 əməkdaş şəhər rəhbərliyinin fəxri fərmanları ilə mükafatlandırılıb.
Ötən il Sumqayıt teatrı Gürcüstan və Rusiya teatrları ilə qarşılıqlı qastrol səfərlərinə dair memorandumlar imzalayıb. Aprelin 24-dən 30-dək kollektiv 4-cü “Türk dünyası teatr günləri” festivalında Turqut Özakmanın “Ocaq” tamaşası ilə uğurlu çıxış edərək mükafat qazanıb.
“2018-ci il həm də yeniliklər ili kimi yadda qaldı”, - deyən Mübariz Həmidov bildirib ki, ilk dəfə olaraq teatrda şagirdlərdən ibarət bədii şura yaradılıb. Bu da heç şübhəsiz, uşaq və yeniyetmələrin bədii estetik zövqlərinin formalaşmasında, onların arzu və istəklərinə uyğun repertuarın seçilməsində mühüm rol oynayacaq. Bu yaşdan olan uşaqların baxdığı tamaşalar təhsil müəssisələrində müzakirə edilib. Belə ki, həmin tamaşaların yaradıcı heyəti məktəblilərlə keçirilən görüşdə maraqlı diskussiyalara cəlb olunub.
Ötən il təhvil verilən tamaşalardan “Kim güclü, kim ağıllı?”, “İtkin qız”, “Zülmətdə nur”, “Mamoy kişinin yuxuları”, “Çeburaşkanın yeni il sərgüzəştləri” Sumqayıt məktəbliləri və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
Mübariz Həmidov kollektivin bir neçə yeni tamaşa və layihələr üzərində işlədiyini də vurğulayıb.