İQTİSADİYYAT
Sumqayıt Kimya Sənaye Parkının əməkdaşları “Brightlands Chemelot Campus”un təcrübəsini öyrəniblər
Bakı, 31 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Aynurə İsmayılova, Sumqayıt Kimya Sənaye Parkının əməkdaşları Elxan Şiriyev və Ayaz Allahverdiyev, “SOCAR Polymer”in əməkdaşları Rüfət Quliyev və Mətin Hüseynli Niderlandın Gelen şəhərindəki “Brightlands Chemelot Campus” sənaye parkının təcrübəsini öyrəniblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Brightlands Chemelot Campus” sənaye parkında Azərbaycan nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə müxtəlif mövzularda təqdimatlar dinlənilib, “Brightlands Chemelot Campus”un təcrübəsi öyrənilib və potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “5.2. Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması” hədəf istiqaməti üzrə “5.2.1. Kiçik və orta sahibkarlığın inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi (2017-2020-ci illər)” və “5.2.2. Dövlət əhəmiyyətli və müstəqil elmi-tədqiqat (tədqiqat və inkişaf) mərkəzlərinin formalaşdırılması və elmi istehsalat birliklərinin yaradılması (2017-2020-ci illər)” tədbirlərinin icrası çərçivəsində baş tutub.
“Brightlands Chemelot Campus”un fəaliyyəti “smart” materiallar və davamlı kimyəvi istehsal, qida və sağlamlıq, verilənlərin (data) təhlili və “smart” (xidmətlər) həllər, regenerativ və həssas tibb və innovativ diaqnostika olmaqla dörd əsas istiqamətdən ibarətdir. Burada 207 şirkət, 11 min 724 iş yeri, 8198 tələbə təmsil olunur. Hazırda “Brightlands Chemelot Campus” öz imkanlarının genişləndirilməsi istiqamətində yeni tərəfdaşların və investorların axtarışını davam etdirir.