REGİONLAR
Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri Bilgəhdəki sosial xidmət müəssisəsinin qonağı olub
Sumqayıt, 9 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələr Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun Bilgəhdə yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin qonağı olublar.
2008-ci ildən fevralın 8-i Beynəlxalq Nənələr və Babalar Günü kimi qəbul olunub və bu təşəbbüsü həm UNESCO, həm də Avropa İttifaqının mədəniyyət üzrə komissiyaları dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, babaların və nənələrin ziyarətinə gələn Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq Klubu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin əməkdaşlarının iştirakı ilə “Babam Şirin, nənəm Nabat, qonaq gəlib noğul nəvən” adlı tədbir keçirilib.
Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinin ifasında Əhməd Cəmilin “Can nənə bir nağıl de” və Anarın “Sayların sərgüzəşti” şeirləri əsasında hazırlanmış səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib.
S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, AYB-in Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin və başqaları yaşlı nəslin nümayəndələrini təbrik edib, xoş arzularını çatdırıblar.
Sonra 4 saylı Diyarşünaslıq Klubunun “Xəmsə” instrumental ansamblının ifasında musiqi nümunələri, gənc solistlər Bəbir Məmmədov, Sabir Məmmədzadə, Elməddin Eyyubovun ifasında isə şən mahnılar ifa olunub.
Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə hədiyyələr təqdim edilib.