REGİONLAR
Sumqayıt sakinlərinin qaz təsərrüfatına dair müraciətləri dinlənilib
Bakı, 16 avqust, AZƏRTAC
“Açıq mikrofon” aksiyası çərçivəsində bundan öncə də Sumqayıtda sizlərlə görüşümüz baş tutub. Yenidən burada olmağımızın səbəbi qaz təsərrüfatına dair üzləşdiyiniz problem və çətinlikləri sizlərdən eşitmək və “Azəriqaz” İB-nin səlahiyyətləri çərçivəsində sizə yardımçı olmaqdır.
AZƏRTAC “Azəriqaz”a istinadla xəbər verir ki, bu fikirləri İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Sumqayıtda vətəndaşlarla keçirilən görüşdə bildirib.
Görüşdə iştirak edən Qarabağ döyüşlərinin bir neçə iştirakçısı fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər.
Bundan əlavə sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından yararlanaraq qaz xəttinin yerinin dəyişdirilməsi, bəzi hallarda təbii qazın təzyiqinin aşağı olması, sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz olunması ilə bağlı müraciət ünvanlayıblar.
Daxil olan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.