REGİONLAR
Sumqayıt sakinlərinin sağlamlığının keşiyində beş minə yaxın tibb işçisi dayanır
Sumqayıt, 20 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt əhalisinə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərdə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ötən il ərzində müəyyən işlər görülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının istismara yararsız olan binası sökülərək təsdiq olunmuş layihə əsasında müasir standartlara cavab verən yeni binanın tikintisi başlanılıb. Həmçinin 2019–cu ildə 2 nömrəli uşaq poliklinikası və Narkoloji Dispanser əsaslı təmir olunub.
“Tibb müəssisələrin fəaliyyəti daim şəhər rəhbərliyinin diqqət mərkəzindədir”, - deyən Ü.Müzəffərova ötən il bir sıra tibb müəssisələrində cari təmir işləri aparıldığını, istilik sisteminin qaydaya salındığını, vaxtaşırı iməciliklər keçirildiyini, həyətyanı sahələrin təmizləndiyini, quru ağacların kəsilərək onların yerində yeni ağacların əkildiyini qeyd edib.
O, xəstəliyin, xüsusilə də yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin reabilitasiyası və azaldılması, tibb müəssisələrinin dərman vasitələri ilə mərkəzləşdirilmiş qaydada təchizatının təkmilləşdirilməsi, onların səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, qanunvericiliyə əsasən dövlət hesabına dərman preparatları ilə təmin olunan şəxslərin və dövlət proqramları çərçivəsində ambulator şəraitdə müalicə alan xəstələrin dərman təminatının yaxşılaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.
Arxada qalan ildə görülən işlərdən danışan Ü.Müzəffərova ölkə başçısının tapşırığı əsasında ölkədə ənənəvi həyata keçirilən tibbi müayinənin Sumqayıtda da yüksək səviyyədə təşkil edildiyini deyib. Belə ki, bu mühüm aksiyanın uğurla keçirilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb və bunun nəticəsində 240 min şəhər sakini tibbi müayinəyə cəlb olunub, aşkar edilmiş xəstəliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, Sumqayıt sakinlərinin sağlamlığı keşiyində gecəli-gündüzlü 5 minə yaxın tibb işçisi 10 poliklinika, 12 stasionar və 1 təcili tibbi yardım stansiyasında xidmət göstərir.