CƏMİYYƏT
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatlar aşkar edilib VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 88 ədəd 56 millimetrlik raket mərmisi, bir ədəd 70 millimetrlik raket mərmisi, 6 ədəd 122 millimetrlik OF-56 top mərmisi, 1 ədəd 152 millimetrlik OF-29 top mərmisi, 1 ədəd 125 millimetrlik OF-26 tank mərmisi, 5 ədəd BM-15 tank mərmisi və 1 ədəd 82 millimetrlik minaatan mərmisi olduğu müəyyənləşdirilib.
Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.