REGİONLAR
Sumqayıt teatrının səhnəsində “Dəfn edilməmiş ölülər”
Sumqayıt, 19 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt teatrı hər zaman istedadlı gənclərə dəstək olmağı özünün başlıca prinsipi sayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Ümid Abbasın teatrda ərsəyə gətirdiyi tamaşa buna bariz sübutdur.
Əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin tələbəsi Ümid Abbas diplom işini Sumqayıt Dövlət Dram Teatrının aktyorları ilə hazırlayıb. O, dünya ədəbiyyatının nəhənglərindən olan fransız filosofu, yazıçı-dramaturq Jan Pol Şarl Emar Sartra müraciət edib.
AZƏRTAC xəbər verir ki, teatrda tamaşanın bədii baxışı keçirilib. “Dəfn edilməmiş ölülər” psixoloji dramdır. Rolları Əməkdar artist Cəlal Məmmədov, aktyorlar İlahə Səfərova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Aynur Hümmətova canlandırıblar.
Diplomant rejissor dünyanın əzəli və əbədi mövzusu olan ölüm və olum fəlsəfəsini, müharibələrin daim faciə, səfalət və insanlara bəlalar gətirməsi ilə sona yetməsini öz dəstxəti ilə həll edir.
Xalq artisti Cənnət Səlimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, universitetin professoru Fikrət Sultanov, Rusiya Dövlət Teatr və İncəsənət İnstitutunun professoru, Dövlət İmtahan Komissiyasının sədri Aleksandr Barmak, Sumqayıt Dövlət Dram Teatrının direktoru, Dövlət İmtahan Komissiyasının üzvü, Əməkdar artist Mübariz Həmidov, universitetinin baş müəllimi Sahib Novruzov, gənc rejissorun sənət müəllimi, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digər komissiya üzvləri tamaşa ilə bağlı fikirlərini və tövsiyələrini bildirərək uğurlu tamaşa ilə əlaqədar quruluşçu rejissoru və Sumqayıt Dövlət Dram Teatrının aktyorlarını təbrik ediblər.