CƏMİYYƏT
Sumqayıtda 15 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 mənzili Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillərdən 9-u şəhid, 6-sı isə Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin sosial müdafiə sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini bildirib. Nazir müavini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası sahəsində görülən işləri xüsusi qeyd edərək söyləyib ki, ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 13 mart 2018-ci il tarixli Sərəncamı bu sahədə tədbirlərin uğurla davam etdirilməsinə imkan verir.
Hazırda Qarabağ müharibəsi əlilləri əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə Prezidentin aylıq təqaüdləri ilə təmin edilirlər. Şəhid ailələrinə də Prezidentin aylıq təqaüdü, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinət, həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinət ödənilir. Bu ilin əvvəllərində dövlət başçısının sərəncamları ilə həmin sosial ödənişlərin – pensiya və sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin növbəti dəfə artırılması təmin edilib.
Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan tədbirlərə, pensiya və müavinətlərin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin artırılmasına, eyni zamanda, Novruz bayramı ərəfəsində yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.