REGİONLAR
Sumqayıtda 4 saylı şəhər poliklinikasında aparılan əsaslı təmir işləri başa çatıb
Sumqayıt, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yerləşən 4 saylı şəhər poliklinikası əsaslı təmir olunub.
Poliklinikanın baş həkimi Canıbəy Ağayev AZƏRTAC-ın müxbirinə bildirib ki, 2011-ci ildən fəaliyyət göstərən tibb müəssisəsi 45 minə yaxın sakinin sağlamlığının keşiyində durub.
Bir il ərzində aparılan əsaslı təmir işləri tam yekunlaşıb. Poliklinika binasının bütün otaqları yüksək səviyyədə təmir olunub, 21 həkim kabineti lazımi tibbi avadanlıqlarla təchiz edilib. Səhiyyə ocağında 7 sahə həkimi, həmçinin endokrinoloq, nevropatoloq, kardioloq, onkoloq, dəri zöhrəvi həkimi, cərrah, həkim-laborant fəaliyyət göstərir.
“Çalışacağıq ki, bundan sonra da sumqayıtlıların sağlamlığına xidmət göstərək. İstəyirik ki, bizə müraciət edən hər bir vətəndaş poliklinikadan gülərüzlə çıxsın. Bütün növ xidmətlərdən məmnun qalsınlar”, - deyən baş həkim bildirib ki, şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, eləcə də tibb müəssisələrinin əsaslı təmiri dövlətimizin başçısı İlham Əliyevin birbaşa Sumqayıta olan diqqət və qayğısının təzahürüdür.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iyunun 13-də 4 saylı poliklinikaya gələrək, görülən işlərlə yaxından tanış olub, burada müalicə alan sakinlərlə və tibb heyəti ilə söhbət edib.