REGİONLAR
Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Sumqayıt, 5 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Sumqayıtda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibətilə Sumqayıtda fəaliyyət göstərən 50 tam orta məktəbin və veteran təhsil işçilərini təbrik edərək onlara xoş arzularını çatdırıb, çətin və eyni zamanda, şərəfli işlərində uğurlar arzulayıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, Sumqayıt məktəblərinin məzunları test imtahanlarında yüksək nəticələr göstərir, fənn olimpiadalarında uğurla çıxış edirlər.
Qeyd olunub ki, Sumqayıtda 53 min 237 şagirdin təlim-tərbiyəsi ilə 4070 müəllim məşğul olur və ildən-ilə yeni uğurlar qazanılır. Bu uğurlar Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.
Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm etdiyi, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd olunub.
Çıxış edən təhsil işçiləri Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.