REGİONLAR
Sumqayıtda karantin rejiminin pozulması ilə bağlı 155 protokol tərtib olunub
Sumqayıt, 6 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt polisi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, iyunun 6-da saat 00:00-dan başlayaraq şəhərin bütün küçə, prospekt və yollarına tam nəzarət edir.
Bunu AZƏRTAC–a açıqlamasında Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov deyib. O bildirib ki, indiyədək karantin rejimini pozulması ilə bağlı 155 inzibati protokol tərtib olunub. Protokollardan 10-u tibbi maskadan istifadə edilməməsinə, digərləri isə küçəyə icazəsiz çıxılmasına görə yazılıb. Xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfərə 15 sutkalıq inzibati həbs cəzası verilib. Polis sərtləşdirilən məhdudlaşdırılma tədbirləri çərçivəsində sakinlərdən daxil olan bütün müraciətlərə həssas yanaşır.