REGİONLAR
Sumqayıtda qışa hazırlıq məsələsi müzakirə olunub
Sumqayıt, 27 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Son bir neçə ildə Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində şəhər əhalisinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi üçün mühüm işlər görülüb, müasir infrastruktur yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qış mövsümünə hazırlıqla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclasında bildirilib.
İclası açan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gündəlikdə duran məsələlər, qış mövsümünə hazırlıqla bağlı şəhər təsərrüfatında görülmüş işlər və həllini gözləyən məsələlərlə bağlı ətraflı məlumat verib.
Şəhər təsərrüfatının qış mövsümünə hazır olması, əhalinin istilik, elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təminatı üçün icra hakimiyyəti tərəfindən tədbirlər planının hazırlandığını və bu planın icrası istiqamətində bir sıra işlərin görüldüyünü deyən Z.Fərəcov bildirib ki, bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək, payız-qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.
Sonra gündəlikdə duran məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini – şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov, Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Arzuman İsmayılov, Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin baş mühəndisi Teymur Balıyev, Sumqayıt Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Aftandil Nuriyev, Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev qışa hazırlıqla bağlı məlumat veriblər.
Zakir Fərəcov aidiyyəti qurumların rəhbərlərinə qışa hazırlığı sürətləndirmək, mövcud problemləri qısa müddətdə aradan qaldırmaq üçün tapşırıqlar verib.